Metropoliten qiymət artımını ƏSASLANDIRDI: "Bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir”

Bəxtiyar Məmmədov:"Konkret metro sərnişindaşımasını götürdükdə, Rusiya kimi istehsal gücü olan ölkədə belə gediş haqqı bu qədər ucuz deyil"
"Bakı metrosunda bir sərnişinin daşınması xərci 47 qəpiyə başa gəlir”.
Bunu "Sherg.az”a ötən gün metroda gediş haqqının artırılmasının səbəblərini əsaslandırarkən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 O bildirib ki, müəyyən olunan 47 qəpik xərcə yalnız istismar xərcləri daxildir:
"Metro stansiyalarının tikintisi, infrastrukturun yenidən qurulması, əsaslı təmir prosesi, metro vaqonlarının alınması, yenilənməsi və s. kimi məqamlar bu məbləğə daxil edilmir. Obyektiv mənzərəni nümunə gətirsək, postsovet məkanında ən ucuz gediş haqqı Azərbaycandadır. Hətta qiymətlər yüksəlib, gediş haqqı 30 qəpik müəyyən olunduqda belə bu dəyişmir. Konkret metro sərnişindaşımasını götürdükdə, Rusiya kimi istehsal gücü olan ölkədə belə gediş haqqı bu qədər ucuz deyil.
Son illərdə metropolitenin inkişaf tempi, sərnişinlərin təhlükəsizliyinin təmin olunması, sərnişindaşımanın keyfiyyəti göz qabağındadır. Qatarların yerli şəraitdə təmir olunaraq, modernləşməsi kimi müsbət hallar müşahidə edilir. Əvvəllər vaqonların modernləşməsi üçün ölkəmizdə müəssisə yox idi. Ona görə, bu proses ölkə xaricində həyata keçirilirdi. Bu isə xərcləri bir qədər də artırırdı. Proses artıq ölkə daxilində təşkil edildiyi üçün vaqonların modernləşməsi daha sürətlə və keyfiyyətli şəkildə həyata keçirilir. Və məlum proses az xərc tələb edir. Bu, Azərbaycanda vaqonqayırma sənayesinin əsasının qoyulması, elmi-praktiki cəhətdən həmin sahənin yeni kadrların yetişdirilməsi deməkdir. Belə addımlar metropolitendə müsbət mənzərə yaradıb”.
Qeyd edək ki, ötən gün Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Yeni qərara əsasən metro və avtobuslarda gediş haqqı 30 qəpik həcmində müəyyən edilib.
Məlumat üçün onu da bildirək ki, dünya ölkəlıri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Aydın Baxış