Meyitdən orqanın köçürülməsi realdırmı? - Həkim izah edir

Adil Qeybulla: "Heç kim gənc övladının donor olmasına psixoloji hazır deyil"



"Meyitdən orqan köçürülməsi reallaşdırılması vacibdir, hamı anlayır, lakin bunu təmin edə bilən sistem də qurulmalıdır”

Bunu Sherg.az-a Azərbaycanda meyitdən orqan köçürülməsinin tətbiqinə bu il və ya gələn il ərzində nail olmağın mümkünlüyündən danışarkən tibb elmləri doktoru Adil Qeybulla deyib. 

Həkimin sözlərinə görə, ölkəmizdə heç kim gənc övladının donor olmasına psixoloji hazır deyil:

"Meyitdən bütün orqanlar götürülə bilməz, bu çox ciddi məsələdir. Düzünü desəm, bilmirəm ki, meyit dedikdə, millət vəkili nəyi nəzərdə tutur? Bioloji yoxsa, kliniki ölüm keçirmiş şəxslərdən orqan götürülməsindən danışılır. Bu dəqiqləşdirilməlidir. Meyitdən orqanların, dəri və sümüklərin götürülməsi sağlam, xroniki xəstəlik keçirtməmiş, travma almış, beyin ölümü sonra isə bioloji ölüm keçirən şəxslərə aiddir. Əsasən, yol qəzalarında dünyasını dəyişən insanların orqanları köçürülə bilər. Lakin bir məsələ qeyri-dəqiqdir ki, insanlar hətta ölümün səbəbinin aydınlaşdırılması üçün yaxınlarının, gənc övladlarının heç yarılmasına icazə vermirlər ,  Vətəndaşlarımızda ölən insanın orqanlarının köçürülməsinə psixoloji hazırlıq yoxdur. Bu haqda danışılır, düzdür, amma həyata keçirtmək üçün daha çox zamana ehtiyac var. Hər hansı transplantasiyanın ölkəmizdə epizodik həyata keçirilməsi onun hələ təşəkkül tapması demək deyil. Bu gün müəyyən briqadanı yığıb ürək köçürülməsi də etmək olar, epizodik formada. Amma bunun sistem şəklini alması üçün xeyli işlər görülməlidir. Əvvəla icbari tibb sığorta həyata keçirilməlidir. İcbari tibb sığortasının elan etdiyi qiymətlər belə məsrəfləri örtməyə qadir deyil. Bu səbəbdən, hesab edirəm ki, infrastrukturu qurulub, sistem yaradılarsa, təşəbbüslər effekt verə bilər”.

A. Qeybulla sağlığında öldükdən sonra orqanlarının köçürülməsi barədə vəsiyyətnamə yazanların olmadığını bildirib:

"1-2 istisnalarla xalqın buna psixoloji hazırlıqlı olduğunu deyə bilmərik. Həmin psixoloji problemlər həll olunmalıdır. Bu maariflənmədən və zaman müddətindən keçir. Qətiyyətlə deyə bilərəm ki, bu proses yaxın dövrün perspektivi deyil”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda meyitdən orqan köçürülməsinin tətbiqinə bu il və ya gələn il ərzində nail olmaq mümkün olacağı barədə açıqlama verib. Deputat söyləyib ki, Azərbaycanda elektron səhiyyənin tətbiqi meyitdən orqan köçürülməsinin reallaşmasını asanlaşdıracaq.

Aysel Aslan