Millət vəkili Elman Nəsirli 20-dən artıq məntəqədə olub




"Bu referendum prosesində yaxından iştirak etdim. Vəkil olaraq Göyçay, Ağdaş, Kürdəmir və Zərdabda seçicilərlə konistitutsiyaya ediləcək dəyişikliklərlə bağlı geniş təbliğat- təşviqat işləri apardıq. Və bu gün özüm də seçici kimi Nərimanov rayonunda səsvermədə iştirak etdim. İnsanların çox böyük ruh yüksəkliyi ilə 29 maddə üzrə 39 dəyişikliyə səs verdiyinin şahidi oldum".
Bunu sherg.az-a referendumla bağlı səsvermə prosesinə münasibət bildirərkən millət vəkili Elman Nəsirli söyləyib. O, qeyd edib ki, indiyə kimi 20-dən artıq məntəqədə olub: "Həmin məntəqlər məktəblərdə yerləşir. İnsanlar referenduma çox böyük ümidlə gəlib iştirak edirlər. Onlar inanırlar ki, cənab Prezidentin irəli sürdüyü dəyişiklər ölkəmizdə ictimai-siyasi sabitliyi möhkəmləndirəcək, ölkəmizdə təhlükəsizlik mühitini daha da gücləndirəcək və ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək. İnsanlar bildirirlər ki, bu referendumda iştirak etməklə öz gələcəyimizə səs veririk. Bu, bizim üçün olduqca vacib məqamdır. Eyni zamanda insanlarımız onu da görürlər ki, bir çox beynəlxlaq Qeyri-Hökumət Təşkilatları və bəzi beynəlxlaq qurumlar Azərbaycana təzyiq göstərmək üçün belə tədbirlərdən istifadə edirlər. Dəfələrlə bunun şahidi olmuşuq".
Deputat Avropa Şurası Venesiya komissiyasının, BMT- nin insan haqları üzrə məruzəçilərinin ölkəmizə qarşı hesabatlarından da söz açıb: "İnsanlarımız bunları çox gözəl dərk edirlər və hesab edirlər ki, əslində bunlar ölkəmizi xaosa sürükləməkdən başqa bir şey deyil. Beynəlxalq təşkilatların Azərbaycandakı sabitliyi və inkişafı gözü götürmür. Səsvermədən sonra biz insanların bu şəkildə mövqe bildirdiklərinin şahidi olduq. Səsvermə çox böyük ruh yükəkliyi ilə davam edir. Şəffalıq tam təmin olunub. Prosesi dünyanın 33 ölkəsindən 117 beynəxlaq müşahidəçi izləyir. Heç bir qanun pozuntusuna yol verilməyib".
Ekspert onu da əlavə edib ki, artıq referedumu baş tutmuş hesab etmək olar: " Bu referendum ölkəmizin taleyində olduqca böyük rol oynayacaq. Biz tam əminik ki, proses uğurla başa çatandan sonra ölkəmizin bundan sonrakı inkişafında , ölkəmizdə iqtisadi islahatların dərinləşməsində, Azərbaycanda dövlət idarəçiliyinin daha da mükəmməlləşməsi istiqamətində çox ciddi islahatların şahidi olacağıq. İnsanlar buna inanırlar və bu inamla da gəlib öz səslərini verirlər".

Ayyət Əhməd