Akif Nağı:"Amerika dünyada heç bir rejimə bu şəkildə əl tutmayıb. Hər il Ermənistana və qondarma rejimə maliyyə yardımı edilir. “Minaların təmizlənməsi” adı ilə aparılan proses həmin siyasətin tərkib hissəsidir"
ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləyib.
Valadao öz təklifini belə əsaslandırıb ki, Dağlıq Qarabağda 90-cı illərin əvvəllərindən bəri hələ də böyük sayda minalar qalıb, bu da yerli əhalinin həyatını və təhlükəsizliyini təhdid edir:
"Minaların təmizlənməsi proqramı insanların təhlükəsizliyi üçün mühüm və zəruri təşəbbüsdür”. Xatırladaq ki, Dağlıq Qarabağın inzibati ərazisində minaların təmizlənməsi ilə Böyük Britaniyanın humanitar minatəmizləmə təşkilatı olan "HALO Trust” məşğul olur. Bu təşkilat keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin 88 faizini minalardan təmizlədiyini bildirir. Təşkilat minaların təmizlənməsini başa çatdırmaq üçün daha 8 milyon dolların lazım olduğunu açıqlayıb.
Dağlıq Qarabağda minaların təmizlənməsi proqramının əsas donoru ABŞ hökumət agentliyi USAİD-dir. Bu, ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına hər il ayırdığı maddi yardımlar çərçivəsində həyata keçirilir. Yardımların həcmi ildən ilə azaldılıb, hazırda 1-2 milyon həddindədir. Lakin Konqres indi əlavə olaraq minaların təmizlənməsi adı altında Dağlıq Qarabağ ermənilərinə 1.5 milyon dollar da ayırmaq ərəfəsindədir.
Məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, ABŞ hökuməti 1998-ci ildən bu yana dövlət səviyyəsində işğalçı rejimə yardım göstərir. Təşkilat sədrinin sözlərinə görə, Amerika dünyada heç bir rejimə bu şəkildə əl tutmayıb:
"Hər il Ermənistana və qondarma rejimə maliyyə yardımı edilir. "Minaların təmizlənməsi” adı ilə həyata keçirilən proses həmin siyasətin tərkib hissəsidir. Dağlıq Qarabağ ərazisində hansı minalardan söhbət gedir? 1990-cı illərin əvvəllərində Azərbaycan silahlı qüvvələri həmin bölgəyə demək olar ki, girməyiblər.
Rusların köməkliyi ilə erməni quldurları azərbaycanlıları ərazidən çıxardıblar. Biz orada irimiqyaslı hərbi əməliyyatlar keçirməmişik ki, ərazini minalarla dolduraq. Aydın məsələdir ki, düşmənin Qərbli havadarları "mina təmizləmə” adı ilə ermənilərə pul göndərir.
Dağlıq Qarabağ ətrafındakı rayonlarda minalar ola bilər. Ancaq Konqres maliyyə yardımını sırf Dağlıq Qarabağın qondarma rejimi üçün ayırdığını deyir. Görünür, Ermənistan onu himayə edənlərin yardımı ilə ətraf rayonları "mina” hiyləsi ilə mənimsəməyə çalışır.
ABŞ Konqresi də düşmənin məkirli niyyətinə şərik çıxır. Bu addım birmənalı şəkildə ermənipərəst mövqe kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi bununla bağlı rəsmi Vaşinqtondan izahat tələb etməlidir”.
İsmayıl