Minlərlə ailə sevinəcək:“İlin sonuna qədər bütün sənədsiz evlərin sənədləşdirilməsi işi aparılacaq”

Uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşündə bildirib. Onun sözlərinə görə, bütün sənədsiz evlərə sənəd veriləcək.
Hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərlə bağlı yeni konsepsiyanın hazırlandığını deyən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az”a bildirib ki, sənədsiz evlərlə bağlı ölkə başçısı tərəfində mühüm sərəncamlar imzalanır:
"Cənab Prezident tərəfindən yanvar ayında çoxmənzilli binalarla bağlı növbəti sərəncam imzalandı. Sənədsiz evlərlə bağlı yeni konsepsiyanın hazırlanmasında əsas müraciət Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən olundu. Ölkə üzrə bütün sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq təkliflər irəli sürülüb. Güman edirəm ki, yaxın vaxtlarda bu prosesin rəsmiləşdirilməsi ilə bağlı sərəncam veriləcək. Ölkədə yüz minlərlə tikili var ki, onun üzərində mülkiyyəti təsdiq edən sənəd yoxdur. Bu, daşınmaz əmlakın dövriyyəsi ilə bağlı xeyli vəsaitin dövlət büdcəsinə gəlməsinin qarşısını alır. Digər tərəfdən isə əmlak bazarının fəallaşmasına mane olur. Çünki, həmin şəxslərin mülkiyyətə malik olmasına baxmayaraq sənəd olmadığı üçün ev nə girov qoyula bilir, nə də digər mülki dövriyyədə iştirak etmək imkanları olur. Bununla bağlı məsələlər də öz həllini tapacaq”.
Ə.Nuriyev qeyd edib ki, prezidentin sərəncamı əsasında əmlak məsələləri ilə bağlı nizam-intizam yaranacaq:
"Bütün bu sərəncam və tədbirlər vətəndaşlarımızın məmnunluğunun təmin edilməsinə və onların hüquqi mənafelərinin qorunmasına yönəlib. Eldar müəllim bu məsələnin tezliklə həll olunması ilə bağlı Binəqədi sakinləri ilə görüşündə məlumat verib. Bakı şəhəri üzrə ən böyük ərazilərdən biri də məhz Binəqədi rayonudur. Burada da çoxlu sayda sənədsiz evlər var. Hesab edirəm ki, prezidentin sərəncamı çox əhəmiyyətlidir. Fikrimcə, ilin sonuna qədər Bakı şəhəri üzrə bütün sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq”.
Yeganə Bayramova