Mitinqlə Qarabağ problemi həll edilmir - Belə tədbirlər ziyanımızadır




Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir qrup insanın deyil, bütün xalqın məsələsidir. Münaqişənin həlli ilə bağlı da xalqın etimad göstərdiyi cənab prezidentimiz İlham Əliyev və onun hakim komandası məşğul olur. Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın azad edilməsi istiqamətində sülh yolu siyasətini prioritet istiqamət olaraq müəyyənləşdirib. Bununla yanaşı cənab ölkə başçısı hər zaman çıxışlarında vurğulayıb ki, sülh yolu ilə torpaqlarımız azad olunmayacağı təqdirdə, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyini sərgiləyəcəyi halda, artıq müharibədən başqa çıxış yolu qalmayacaqsa, o zaman Silahlı Qüvvələrimiz işğal edilmiş torpaqlarımızda antiterror əməliyyatı keçirməklə ərazilərimizi azad edəcək. Bunun üçün ordumuzun kifayət qədər gücü var.

Bu günlərdə isə Qarabağ Komitəsi Məhsul stadionunda Qarabağ mitinqi keçirdi, müxtəlif nəyanatlar səsləndirildi.

İctimaiyyət nümayəndələri isə bu mitinqin əhəmiyyətsiz olduğu qənaətindədirlər. Ümumi fikir və qənaət bundan ibarətdir ki, stadionda azsaylı insanların toplaşdığı aksiya ilə, Qarabağ məsələsi həll olunmur. Stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq mümkünsüzdür.
Parlamentin iclasında çıxış edən deputat Siyavuş Novruzov da bu mitinqi tənqid edərək bildirib ki, belə tədbirlərdən bəzi siyasi oyunbazlar istifadə edirlər. Onun sözlərinə görə, bu mitinq Qarabağın azadlığına töhfə deyil, əksinə işğalçı ermənilərin xeyrinədir.

Millət vəkili Zahid Oruc da hesab esdir ki, məhəlli tədbirlərlə Qarabağ azad edilmir: 

"Torpaqlarımız işğal ediləndən bu yanadır ki, məsələnin beynəlxalq məkana çıxarılması, tanıdılması, obyektiv siyasi, hüquqi qiymət alması üçün çoxlu işlər görmüşük. Burada dövlət başçısının gördüyü işlərin böyük miqyas aldığını deyə bilərik. Ən mühüm qapılar açılmaqdadır, beynəlxalq təşkilatlarla, ölkə başçıları ilə önəmli görüşlər keçirilməkdədir. Ölkə başçısı Qarabağ probleminin həlli ilə daim məşğul olur, dövlət siyasətində prioritet istiqamət məhz Qarabağ münaqişəsinin həllidir. Bununla yanaşı müəllim müəllimliyi, həkim həkimliyi ilə Qarabağa xidmət edir. Əsas məsələ odur ki, Qarabağ məsələsindən ölkə daxilində xal yığmaq üçün istifadələr olmamalıdır. Hər zaman effekt doğuran addımlar atılmalıdır. Biz bir ovuc, qrup səviyyəsində milli davanı aparanda kənardan belə görünə bilir ki, yəqin bunu xalq özü istəmir. Milli məsələmiz 50 adamın miqyasına enib, küçələşməməlidir, məhəlliləşməməlidir. Biz Qarabağ mitinqində özünə xal qazanmaq istəyənlər gördük, oyunbazlıq gördük. Bu da onu göstərir ki, belə lokal aksiyalarla böyük problem həll edilə bilməz. Qarabağ məsələsində mitinq alternativ deyil”.

Z.Oruc vurğulayıb ki, Azərbaycan sülh danışıqlarına sadiqlik göstərir: "Amma ölkə başçımızın da dediyi kimi, sülhlə həll edilməsə, müharibə ilə ərazilərimizi azad edəcəyik. Savaş qərarı isə mitinqlərlə, aksiyalarla, o mitinqlərə kimin gəlib-gəlməməsi ilə verilmir. Müharibə qərarı regional şəraitə baxılıb verilir. 26 iyunda və 15 sentyabrda keçirilən hərbi paradda biz ordumuzun gücünü gördük. Eləcə də düşmənlərimiz və bütün dünya şahidi oldu ki, Azərbaycan qısa zamanda hərbi yolla torpaqlarını azad etməyə qadirdir. Dediyim odur ki, mitinqdə səsləndirilən bəzi ifadələr yanlışdır. Azərbaycan hakimiyyəti Qarabağı azad etmək istəmir ifadəsi gülüncdür. Biz gördük ki bu cür mitinqlərin effekti yoxdur. Ona görə də, yenidən Qarabağ mitinqi keçirməyə ehtiyyac yoxdur. Xalq bilir ki, cənab prezident Qarabağın azadlığı ilə bağlı çalışır, siyasət bu istiqamətdədir”.


Anar