Moskva və Tehran Azərbaycan üzərindən birləşəcək

Azərbaycan üçün nəqliyyat dəhlizi, eləcə də sözügedən dəmiryolu xətti ölkənin alternativ gəlir mənbələrinin artırılması baxımından vacibdir


Dəmiryolu xəttinin inşası İranın öz məhsullarını Azərbaycan üzərindən Rusiya bazarı
vasitəsilə Avropa bazarına çıxara bilməsi üçün əlverişlidir

Yaxın vaxtlarda Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə birgə beynəlxalq forum keçiriləcək. Bu barədə İran lideri Həsən Ruhani məlumat verib. O bildirib ki, forum Azərbaycan və Rusiya vasitəsilə İranı Avropa ilə birləşdirəcək dəmiryolu xəttinin inşasına dair olacaq: "İran hər iki ölkə ilə birlikdə bu sahədə işlərin davam etdirilməsini planlaşdırır”.

Qarşıdakı 4 il müddətində Azərbaycanla əlaqələrin inkişafı yönündə hansı planlara malik olduğu barədə sualı cavablandıran H.Ruhani bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən indiyədək əlaqələr yaxşı səviyyədə olub: "Prezident olduğum dövrdə əlaqələri ən yaxşı səviyyəyə qaldırdıq. Azərbaycan Prezidenti ilə dəfələrlə görüşlərimiz oldu. Biz görüşləri ikitərəfli formatdan çıxarıb, üçtərəfli görüşlər də keçirdik. Rusiya Prezidenti cənab Vladimir Putinin iştirakı ilə Bakıda üçtərəfli iclasımız oldu. Bu görüşlər inşallah, davam edəcək”. Maraqlıdır, Avropa ilə İranı birləşdirən dəmiryolu xəttinin inşası iqtisadi baxımdan ölkəmiz üçün nə dərəcədə səmərəlidir? 

Bununla bağlı "Şərq”ə açıqlama verən İqtisadi və sosial inkişaf mərkəzinin direktoru, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, söhbət şimal-cənub nəqliyyat dəhlizinin genişlənməsindən gedir. 

İqtisadçı deyib ki, dəmiryolu xəttinin inşası İranın öz məhsullarını Azərbaycan üzərindən Rusiya bazarı vasitəsilə Avropa bazarına çıxara bilməsi üçün əlverişlidir: 

"Eyni zamanda Rusiya şirkətlərində iş adamları mallarını Azərbaycan və İran üzərindən yaxın şərq bazarına çıxarmaq imkanı qazanacaqlar. Təbii ki, dəmiryolu xəttinin inşası və eləcə də yenidən qurulması çox vacibdir. Bakıdan İran sərhədinə qədər dəmiryolu xətti var. Artıq İran astanasından başlayaraq İran paytaxtı arasında dəmiryolu xəttinin bərpa edilməsi və yenidən qurulması işləri həyata keçirilir. Nəticədə bu regionun 2 böyük paytaxtının, yəni Moskva və Tehranın Azərbaycan üzərindən birləşməsi anlamına gələcək. Təbii ki, Azərbaycan üçün nəqliyyat dəhlizi, eləcə də sözügedən dəmiryolu xətti ölkənin alternativ gəlir mənbələrinin artırılması baxımından vacibdir. Bu, Azərbaycanın tranzit daşımalardan gəlir əldə edilməsinə yardım edəcək. Nəzərə alsaq ki, 2016-cı ildə Azərbyacanda tranzit yükdaşımalarında 65 faiz artım qeydə alınıb. Bu kontekstdən sözügedən dəmiryolu xəttinin istifadəyə verilməsi və Rusiya ilə İranın Azərbaycan üzərindən birləşməsi ölkəmizin dövlət gəlirlərinə müsbət təsir göstərəcək”.

Yeganə Bayramova