Müharibə şəraitində KİV-lər diqqətli və həssas olmalıdır

Ekspertlər hesab edir ki, dəqiqləşdirilməmiş xəbərlərin tirajlanması peşə etikasına da uyğun deyil



Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırış edib. Şura sədri Əflatun Amaşov hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb: "Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik. Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.

Nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq, düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar. Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin "aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik”.

Şura rəhbəri bildirib ki, bu sayaq durumlarda əsas məsələ Müdafiə Nazirliyinə istinad etməkdir: "Hər bir jurnalistin peşə borcu məhz bu dövlət qurumunun informasiyalarına söykənməkdən, əldə etdiyi məlumatları mütləq şəkildə onunla dəqiqləşdirməkdən ibarətdir. Başqa cür fəaliyyət təkcə peşə dəyərlərimizə deyil, qanunlarımıza da zidd sayılacaq. Hər kəs düşünsün ki, kimin tələskənliyə yol verdiyini, kimin bilərəkdən cəmiyyəti yanlış məlumatlandırdığını müəyyənləşdirmək kritik durumlarda əlavə vaxt itkisidir. Qanunun isə yalnız bir mütləq təbiəti var. Heç kəs məsuliyyət hissini unutmasın. Ən böyük məsuliyyətimiz Vətən qarşısındakı məsuliyyətimizdir. Vətənə sevgimizi məsuliyyətimizlə, peşəkarlığımızla isbatlayaq!”.

Xatırladaq ki, son günlər cəbhə xəttində yaşanan gərginliklə və şəhidlərimizlə bağlı bir sıra saytlar və sosial şəbəkə istifadəçiləri yanlış məlumatlar yayaraq ictimaiyyəti çaşdırıblar. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, real hərbi əməliyyatlar dövrü həssas zaman kimi xarakterizə edilir. Amma təəssüflər olsun ki, bir sıra media qurumları, eyni zamanda sosial mediadan fəal istifadə edən insanlar belə məsələlərdə kifayət qədər həssas davranmırlar:

"Bəzi saytlar "qaşınmayan yerdən qan çıxartmaq”, "stəkanda fırtına yaratmaq”, ölkə ictimaiyyətini çaşdırmaq üçün sensassiya sayıla biləcək yalan xəbərlər yaymağa cəhd göstərirlər. Çox zaman bunu onunla əsaslandırırlar ki, guya, Azərbaycanın mənafelərini güdürlər və ordumuzun qələbələrini bir qədər canlı şəkildə ictimaiyyətə təqdim etmək istəyirlər. Lakin həmin məlumatlar reallıqdan uzaq olduğu üçün əks effekt verir. Ən əsası isə odur ki, çox hallarda həmin yalan məlumatlar erməni təbliğat maşınından götürülür və ziyanımıza işləyir. Düşmənin həmin informasiyaları məqsədli şəkildə ortaya atdığını dərk etmirlər. Belə məqamlarda mümkün qədər həssas və diqqətli olmaq lazımdır”.

Ekspertin müşahidələrinə görə, ciddi media qurumları yalan xəbər yaymayıblar və səbrlə, təmkinlə rəsmi məlumatları gözləyiblər: "Doğru xəbər üçün məhz bu cür davranmaq lazımdır. Heç kimin tanımadığı, ciddi qəbul etmədiyi saytlar və sosial şəbəkələr ictimai rəyi çaşdırırlar. Onlar reytinq xatirinə həqiqəti əks etdirməyən xəbərlər tirajlayırlar. Bəzən ciddi adamlar belə tanınmayan onlayn media resurslarının yalan xəbərlərini paylaşırlar. Ola bilsin, insanlar yaxşı xəbər hesab etdikləri üçün paylaşmağa ehtiyac duyurlar. Lakin şəxsən mən düşünürəm ki, xəbəri hansı media resursunun yaydığına xüsusi diqqət yetirmək lazımdır. Çünki küncdə-bucaqda qalan "media nümayəndələri” həssas məqamlarda daha cəlbedici, həyəcanlı başlıqlarla daha çox oxucu toplamağa çalışırlar. Belə şəxslərin sui-istifadəsinə şərait yaratmamaq üçün hər birimiz son dərəcə diqqətli olmalıyıq. Dövlət bu cür məsələlərdə sərt tədbirlərə əl atmalıdır. Hər hansı məqsədlə paylaşılan informasiya istənilən anda özümüzə qarşı çevrilə bilər. Bunu bilərəkdən edən də var, fərqində olmadan edən də. Fikrimcə, sərt qaydalar çərçivəsindən kənara çıxan şəxs və ya media qurumu cəzalandırılmalıdır. Yalnız o halda başqaları onlara baxıb dərs götürərlər”.

A.Həsrətin sözlərinə görə, hərbi toqquşmalar dövründə informasiyanın nə vaxt yayılıb-yayılmayacağı qərarını məhz həmin əməliyyatları həyata keçirən qurum verə bilər: 

"Konkret olaraq Müdafiə Nazirliyi döyüş meydanında gedən prosesləri və informasiyanın nə vaxt verilməsini hər birimizdən daha yaxşı bilir. Bəzən təəssüflənirik ki, "niyə şəhidlərimiz haqqında nazirlik xəbər yaymır”, "hansısa kənd alınıbsa, niyə vaxtında deyilmir” və s. Əslinə qalsa bu cür xəbərləri götür-qoy etmədən yaymaq əleyhimizədir. Burada söhbət sadəcə düşmənə xəbər ötürməkdən getmir. Yanlış xəbərlər ölkə daxilindəki psixoloji duruma da mənfi təsir göstərir. Nazirlik lazım biləndə operativliyə, məsləhət görməyəndə isə bir qədər gözləməyə qərar verir. Bu, normaldır və təkcə Azərbaycana xas deyil. ABŞ və İngiltərə belə hərbi əməliyyatlar zamanı informasiyaları günlərlə, həftələrlə yubadır. Yaxud döyüş bölgəsindən informasiyanın verilməsini ümumiyyətlə qadağan edir. 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında münaqişə var idi. Həmin münaqişə zamanı Böyük Britaniya rəsmi şəkildə bütün mediaya mübahisəli ərazilərə getmə və oradan xəbər yayma yasağı qoymuşdu. İngiltərə kimi demokratik ölkədə bu qadağaya əməl olundu və heç kim şikayətlənmədi. Ona görə biz də cəbhə xəttində baş verən hadisələrlə bağlı təmkinli davranmağa çalışmalıyıq. Düzdür, şəhidlərimiz, yaralılarımız olur, amma torpağı qan tökmədən geri almaq mümkün deyil. Nəzərə almalıyıq ki, düşmən təxribat törədir, hücum edir və silahlı qüvvələrimiz onların qarşısını alır. Təbii ki, bu zaman itkilər ola bilər. Kimsə başqasını qınamamalıdır”.

"Trend” informasiya agentliyinin baş direktorunun müavini, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev də deyib ki, yalan məlumat yayanlar məsuliyyət daşıyır: 

"Hər hansı xəbəri yaymadan öncə onun hansı məqsədlərlə edildiyini və hansı nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Dəfələrlə xəbərdarlıq olunub ki, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş verilən cəbhə xəbərləri reytinq və ya saxta vətənpərvərlik naminə edilir. Sosial şəbəkə istifadəçiləri, müxtəlif saytlar, jurnalistlər cəbhə ilə bağlı məlumatlara xüsusi həssaslıqla yanaşmalıdır. Dislokasiya yeri, hərbi texnikanın növləri, yerdəyişmələri və hərbi sahə ilə bağlı məlumatlar düşmən üçün vacib informasiya sayılır. Ona görə belə informasiyaların yayılması qadağandır. Cəbhə bölgəsində övladları, qohumları olanlar var. Yalan məlumatları yayaraq insanları aldatmaq olmaz. Hər bir məlumata emosiyalara uymadan, təmkinlə və məsuliyyətlə yanaşmaq lazımdır”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, müharibə dəhşətdir və heç bir normal insan savaş tərəfdarı ola bilməz: 

"Amma torpaqlar işğalda, düşmən burnumuzun ucundadırsa və onların quduz himayədarları varsa, o halda döyüş də olacaq, itkilər də. Bizə lazım olan belə həssas günlərdə birliyimizi qorumaq, mübarizə əzmimizi gücləndirməkdir. Kompyuter arxasında oturub, ara söhbətləri etmək, "kasıb balaları qırılır” kimi fərziyyələr irəli sürmək heç də yaxşı hal deyil. Müharibə söz oyunu deyil. Lazım gələndə informasiya da cəmiyyətə xəsisliklə verilə, itkilərin sayı dəqiq göstərilməyə bilər. Əsas olan ordumuza, dövlətimizə inamımızın tam olmasıdır. Səbirli və diqqətli olmalıyıq. Fikirlərimlə razılaşmayanlara hörmətlə yanaşıram. Dediyim odur ki, bu cür ümummilli məsələlərdə "yuxarıdakılar və aşağıdakılar” söhbəti olmamalıdır. Şəhid olanların adları tez açıqlansa, nə dəyişəcək? Onsuz da şəhidlərin nəşi gətirilib ailələrinə təhvil veriləcək. Allah Vətən uğrunda canından keçən hər şəhidimizə rəhmət, hazırda səngərlərdə keşik çəkən əsgərlərimizə kömək olsun”.

Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov də sosial şəbəkə istifadəçilərinə və bəzi jurnalistlərə müraciət edib: 

"Neçə gündür sosial şəbəkələrdə yalandan "camaat kəndlərdən çıxdı”, "təşviş yarandı” kimi ifadələrə yer verilir. Son dərəcə ehtiyatlı olmalıyıq. Ordumuz kifayət qədər güclüdür. Səbirli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər. Əlbəttə, bir nəfər əsgər və zabitimizin aramızdan getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verirlər. Amma alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur və bundan sonra da çox olacaq. Ermənilər öz murdar leşlərinin sayını iki-üç gündən bir açıqlamağa başlayacaqlar. Sosial mediada olan dostlardan, xüsusən onlayn saytlarda və bloqlarda olan yoldaşlardan xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Düşmən hər zaman olduğu kimi, bu dəfə də dezinformasiyalar yayır, ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri təhlükəli işlə məşğul olurlar. Unutmayaq ki, düşmən yersiz xüsusiyyətlərimizdən öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq. Silahlı Qüvvələrimiz tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir. Heç bir panikaya və narahatçılığa əsas yoxdur”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb