Qulu Ağsəs: “Özünü Azərbaycan qadınına sevdirmək üçün gərək onun üçün Vətən olasan”Aqşin Yenisey: “Müharibə kişi işidir, qadın ancaq öz sevgisi ilə ona yardım edə, ruh verə bilər”
"Aprel döyüşləri”... Bu ifadə ilk baxışdan adi bir söz birləşməsi kimi görünsə də, hər kəsin yaddaşında silinməz iz buraxıb. Vətən, torpaq, qələbə, mübarizə, sevinc, şəhid adına nə varsa, bu ad özündə ehtiva edir. "Aprel döyüşləri” bizim tarixi və şanlı qələbəmizdir. Məhz ötən ilin aprel ayında erməni təxribatının qarşısını alan qəhrəman döyüşçülərimiz illər sonra xalqımıza qələbə sevinci yaşatdı.Bu döyüş Azərbaycan xalqının birlik və bərabərliyini ortaya qoyub, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. 4 günlük müharibədə ordumuz düşmənin bütün istinad divarlarını dağıdıb, yüzlərlə əsgər və zabitlərini məhv etmişdi.
Müharibə xalqın iradəsini, birlik əzmini ortaya çıxardı. Xalq isə bir yumruq olub, müharibə ab-havasına bürünmüşdü. 7-dən 77-yə hər kəsin ürəyi səngərdə düşmənə qarşı vuruşan əsgərlə birlikdə döyünür, insanlar milli ordumuza arxalanırdı. Həmin günlərdə əsgərlərimiz cəbhədə düşmənlə döyüşür, gənclər isə əlində üçrəngli Azərbaycan bayrağı küçələrə axın edərək ordumuza dəstək nümayiş etdirirdi. İzdihamlı şəhid dəfninə də ilk dəfə məhz o günlərdə şahid olduq.
Diqqət çəkən məqamlardan biri də müharibə ərəfəsində qadınlarımızın sərgilədiyi münasibət idi. Bu münasibət isə "Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsin yazdığı bir statusda çox gözəl ifadə olunub. Döyüşlər gedən zaman Azərbaycan qadınını yenidən kəşf etdiyini deyən Q.Ağsəs sosial şəbəkələrdə "Özünü Azərbaycan qadınına sevdirmək üçün gərək onun üçün Vətən olasan” deyə yazıb: "Təkcə bu qadınların istəyi, arzusu və duası ilə biz nəinki sərhəddəki bir-iki mövqeni, hətta bütün torpaqlarımızı qısa vaxtda düşməndən azad edə bilərik” .Əslində ədəbiyyat heç vaxt müharibəyə, mübahisəyə yer ayırmayıb, onun missiyası oxucuda sülh, mərhəmət hissi yaratmaqdan ibarət olub. Amma artıq müharibə qaçılmaz olanda cəmiyyətin digər təbəqələrinə nisbətən ədəbiyyat və sənət adamlarının müharibəyə münasibəti cəmiyyətin diqqət mərkəzində olur. İnsanlar özləri bildikləri həqiqətləri şair və yazıçıların dilindən bir daha eşitməyə maraqlı olurlar.
...dünyada qıza qardaşdan, anaya övladdan, qarıya ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?
Biz də bu məqsədlə sözügedən statusun hansı məna daşıdığını öyrənmək üçün Qulu Ağsəslə yenidən əlaqə saxladıq. Şair isə sözügedən statusdakı gizlin fəlsəfəni bu cür izah edib: "Belə bir rəvayət var ki, qoşunu ilə Azərbaycana gəlib çatan Teymurləng yaxınlıqdakı kəndlərdən birinə çapar göndərir ki, qadınlara denən onlara dəymirik. Qiymətli şeylərini götürüb kənddən
çıxsınlar. Bizim işimiz kişilərlədir. Onlarla vuruşmağa gəlmişik. Qadınlar da bu fikirlə razılaşır və çapardan əmirə təşəkkür göndərirlər.
Qoşun çöldə gecələyir və səhər tezdən əsgərlər kəndə girirlər. Teymurləng kəndə girəndə bomboş görüb mat qalır. Kənddə bir nəfər belə başıpapaqlı qalmayıb. Əsgərlər bir qoca tapıb onu Teymurləngin hüzuruna gətirirlər. Teymurləng qocadan soruşur:
- Biz dedik qadınlar qiymətli əşyalarını da götürüb, kənddən çıxsınlar, biz kişilərlə vuruşmağa gəlmişik. Hanı bu kəndin kişiləri?
Qoca da cavab verir ki, hörmətli hökmdar, siz xəbər göndərdiniz ki, qadınlar ən qiymətli şeylərini götürüb kənddən aralansınlar. Onlar da sizin əmrinizə əməl etdilər.
Teymurləng isə sərt şəkildə deyir ki, bütün mal- mülk, qızıl - zinət əşyaları yerindədir, amma bir nəfər kişi yoxdur.
Qoca aramla deyir: - Ey hökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qarıya ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?
Qocanın bu cavabından Teymurləng dərin fikrə gedir və qoşunun kənddən çıxmasına əmr verir.
Baxın, bu rəvayətdə atasını, qardaşını, ərini, oğlunu hər şeydən çox sevən tipik Azərbaycan qadını tərənnüm olunub. Və mən Azərbaycan qadının necə böyük qüvvə olduğunun məhz ötən ilin aprel döyüşləri zamanı bir daha şahidi oldum. Qadınlarımızın öz canından və dünyanın bütün nazı- nemətindən artıq sevdiyi övladlarını, ərlərini, qardaşlarını döyüşə necə təhrik elədiyini gördüm. Deməli, bizim qadınlarımız Vətəni öz doğmalarından daha çox sevirlər. Düz bir ildir ki, biz aprel döyüşlərində əldə etdiyimiz nailiyyətlərlə öyünür, döyüşdə iştirak edən hərbiçilərimizin igidliyindən ağız dolusu danışırıq. Halbuki "4 günlük” müharibənin əsas qəhrəmanı səngərdə keşik çəkən əsgərlərimiz yox, onları doğan analarımız, qardaşını başıdik orduya yola salan bacılarımız, xeyir-dua verən nənələrimiz, əsgər yolu gözləyən qız-gəlinlərimizdir. Doğmalarına bu qədər bağlı olmasına rəğmən heç bir qadın onları tuman altında gizlətmədi, əksinə, torpaq uğruna qurban verməyə hazır olduğunu göstərdi. Nəinki qurban verməyə, hətta onlar özləri də döyüşməyə hazır idilər. Bu baxımdan mənim nəzərimdə aprel döyüşlərinin baş qəhrəmanı Azərbaycan qadınıdır, rollarda isə kişilərimiz...
Mən məhz o zaman anladım ki, özünü Azərbaycan qadınına sevdirmək üçün gərək onun üçün Vətən olasan. Əgər qadın üçün kiçik ərazidən ibarət balaca bir yuvada Vətən ola bilsən, bax, onda o səni bütün varlığı ilə sevəcək, sədaqət göstərəcək. Azərbaycan qadınının ürəyinə yol tapmaq, ona sahib olmaq üçün kişi olmaq azdır, ona Vətən olmalısan”.
"Elə bu statusum da bir növ qadınlarımıza təşəkkür məktubudur”
"Qadın olmaq çox çətindir” deyimi ilə bir o qədər razılaşmayan şair hesab edir ki, kişi olmaq daha çətindir. Onun sözlərinə görə, bir kişi heç vaxt həmcinsini nəyəsə təhrik edə bilmir. Gözünün işığı da olsa, bir kişinin sözü ilə digər kişi hansısa bir vacib addımı atmağa risk eləmir. Amma qadınların sözündən çıxa bilmir. Sonunda ölüm olduğunu bilə-bilə qadının çağırışı ilə kişilər döyüşməyə də, döyüşü dayandırmağa da razıdır:
"Əgər biz bu gün Qarabağı unutmayıb, bu ağrını ilk günkü kimi canımızda hiss ediriksə, buna görə də qadınlara minnətdar olmalıyıq. Elə bu statusum da bir növ qadınlarımıza təşəkkür məktubudur. Ermənilər bizim torpaqlarımızı işğal elədilər, amma Qarabağı yaddaşımızdan silə bilmədilər. Analarımızın ağısı, öyüd-nəsihəti sayəsində Qarabağ bizim yaddaşımızı "işğal edib”, orda özünə kök salıb. Münaqişə ilə bağlı ən böyük təhlükə Qarabağın yaddaşlardan silinməsidir. Amma bizim yaddaşımız Qarabağı unutmamaqda qərarlıdır. Bu isə o deməkdir ki, gec, ya tez, bizim olan bizə qayıdacaq”.
Qadın heç vaxt verdiyi borcu adamın başına qaxıb, onu gözükölgəli etmir, amma kişilər...
15 il bundan əvvəl də qadınlarla bağlı yazı yazdığını vurğulayan şair qadınlara qarşı münasibətinin hər zaman ən yüksək səviyyədə dayandığını deyib və fikirlərini özünə məxsus yumoru ilə sonlandırıb: "Yazmışdım ki, mən hərdən kişiliyi qadınlardan öyrənirəm. Bizim qadınlarımız həddindən artıq mərd və mübarizdir. Hətta borc almaq üçün belə ən yaxşı tərəf-müqabili qadındır. Qadın heç vaxt verdiyi borcu adamın başına qaxıb, onu gözükölgəli etmir, amma kişilər kiməsə 5 manat borc veribsə, içən kimi yadına düşür və zəng edir ki, "filan yerdə oturmuşuq, gör o əmanəti çatdıra bilirsənmi? Sonra da mənə deyirlər ki, qadınları çox tərifləyirsən. Halbuki onların sevgisi qarşısında mənim dediklərim heç nədir! Azərbaycan qadını ən yüksək dəyərə və ən böyük sevgiyə layiq bir varlıqdır”.
...kişi döyüşmək, qadın isə ona nəvaziş göstərmək üçün yaradılıb
Şair Aqşin Yenisey də müharibə zamanı qadınların rolunun kifayət qədər böyük olduğunu təsdiqləyib: "Ruslar haqqında hardasa belə bir şey oxumuşdum ki, rus gənci müharibə səngərində fikirləşir ki, onu müharibədən sonra, ən azı, beş-altı sevgilisi gözləyir arxada və daima ölməmək, qalib gəlmək haqqında düşünür. Yəni rusun fatehlik ruhuna güc verən evdəki Lena, Nataşadır. Amma biz türklərdə bu belə deyil. Orta əsrlərdə bütün türk döyüşçülər bilirdilər ki, işğal etdikləri ölkələrin qız-gəlini də qənimət kimi döyüşçülər arasında bölünəcək. Türk fatehinə güc verən yad qadın olub həmişə. Osmanlı sultanlarının çoxunun həyat yoldaşı əcnəbi xanımlardır. Müharibə kişi işidir, qadın ancaq öz sevgisi ilə ona yardım edə, ruh verə bilər. Müharibə ustası olan alman xalqının filosofu Nitsşe də deyirdi ki, kişi döyüşmək, qadın isə ona nəvaziş göstərmək üçün yaradılıb. Məncə, müharibədə kişinin və qadının yerini bundan gözəl ifadə etmək olmaz. Bu fikir əsl müharibə romantikasını ifadə edir”.
Şəymən