"Heç kim bizi ittiham edə bilməz"
Apreldəki kimi torpaqlarımızı azad etməyə başlayacağıq
Ermənistan baş naziri Nikol Paşinyanın biri-birinə zidd bəyanatlar səsləndirməsi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olan mövqe sərgiləməsi, Azərbaycan tərəfinin güc tətbiq etməsinə şərait yaradır. Vəziyyəti dəyərləndirən siyasi ekspertlərə görə, rəsmi Bakı hər zaman sülh danışıqlarında maraqlı olub və bütün təşəbbüsləri bu istiqamətdə alıb. Lakin təəssüflər olsun ki, Azərbaycan dövlətinin humanist mövqeyi, məsələyə təmkinli yanaşması həm Ermənistan, həm də onlara dəstək verən güclər tərəfindən hər zaman sui-istifadəyə məruz qalıb.
Paşinyan hökumətinin son günlər səsləndirdiyi fikirlər də sübut edir ki, işğalçı Ermənistan torpaqlarımızı danışıqlar yolu ilə qaytarmaq niyyətində deyil. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət çəkərək qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Əks halda baş verənlərə görə, bütün məsuliyyət erməni hökumətinin üzərində olacaq.
Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Aqil Abbas deyib ki, Paşinyan istədiyi qədər sərsəmləyə bilər. Deputatın sözlərinə görə, baş nazirin mövqeyi ilk növbədə Ermənistanın özünə zərbə vuracaq:
"O, ağzına gələni söylədikcə Ermənistanı daha ağır duruma salır. Həm də beynəlxalq aləm onun kim olduğunu görür. Bu da bizə sərf edir, çünki nəticədə zəifləyən düşmən ölkədir. Cənab Prezident Ermənistan rəhbərliyinin sərgilədiyi mövqeyə münasibət bildirərkən bəyan etdi ki, artıq sülh yolu dalana dirənib, səbəb isə indiki erməni hakimiyyətinin yeritdiyi siyasətdir. Ermənistan hökuməti bu cür davam edərsə, Azərbaycan tərəfi müharibəyə əl atmaq məcburiyyətində qalacaq. 2016-cı il aprel ayından bəri torpaqlarımızın bir hissəsini düşməndən azad etmişik. Bunu davam etdirəcəyik”. Deputat vurğulayıb ki, dövlət özü lazımlı bildiyi vaxtda Ermənistana hərbi güc tətbiq edəcək: "Heç kim bizi buna görə ittiham edə bilməz.
Lap tutaq ki, bizi müharibəyə görə suçladılar. Nə dəyişəcək axı? İllərdir beynəlxalq qurumlar yalandan Ermənistanı ittiham edirlər. Lakin düşmən ölkə öz mövqeyini dəyişmir. Zamanı gələndə sözümüzü deyəcəyik. Həmsədrlər və digər beynəlxalq təşkilatlar sadəcə atılıb-düşəcəklər, deyəcəklər ki, "qurban olum, barışın” və s. Bundan savayı heç nə edəsi deyillər. Biz isə yavaş-yavaş öz işimizi görəcəyik”.
Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov da "Şərq”ə deyib ki, Nikol Paşinyan psixi baxımdan qeyri-adekvat adamdır. Politoloqun fikrincə, Paşinyanın çıxışları onun psixi problemlərinin olduğuna işarədir:
"Ermənistanın baş naziri yaxşı başa düşür ki, danışıqlara uyğun davranarsa, beynəlxalq qurumların qətnamələrini icra etmək məcburiyyətində qalacaq. Anlayır ki, danışıqlar müstəvisində müəyyən güzəştlərə getməlidir. Azərbaycanın qəti prinsipial mövqeyi də ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş hüquqi sənədlər tezliklə həyata keçirilsin. Digər tərəfdən baş nazir Qarabağdakı separatçı rejimə söz verib ki, onların "hüquqlarını” müdafiə edəcək. Çalışacaq ki, qondarma rejimin nümayəndələrini də danışıqlar masasına əyləşdirsin. Şübhəsiz ki, bütün bunlar sülh danışıqlarına zidd olan məqamlardır. Dağlıq Qarabağ separatçılarının masada "müstəqil” tərəf kimi iştirakı heç vaxt nəzərdə tutulmayıb, danışıqlar predmeti olmayıb, ola da bilməz. Fikrimcə, Paşinyanın sərsəm bəyanatları ilkin dövrdə verdiyi əsassız vədlərə dəstək mahiyyəti daşıyır”.
Analitikin sözlərinə görə, Nikol Paşinyan aparıcı dünya ölkələrinin liderlərini razı sala bilmir:
"Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putindən rədd cavabı aldı. Daha sonra Fransa rəhbəri ilə görüşdü, lakin həmsədr Fransadan da razılıq ala bilmədi. İndi də Nyu-Yorka getməyə hazırlaşır. Niyyəti ABŞ-da özünə dəstək tapmaqdır. Düşünürəm ki, Paşinyan gec-tez danışıqlara getməlidir. Çünki onun başqa çıxış yolu yoxdur. Azərbaycanın dövlət başçısı da açıq şəkildə bəyan edir ki, əgər Paşinyan tutarsız davranışlarını davam etdirərsə, layiqli cavabını alacaq”.
İsmayıl