Mühüm təklif: "Sərnişin avtobuslarının törətdiyi qəzalar artmaqdadır " - Ağır fəsadlar

Elmira Axundova:"Reydlər zamanı aydın olur ki, özəl sərnişindaşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər"



"Sherg.az" xəbər verir ki, millət vəkili Elmira Axundova Milli Məclisin bu gün baş tutan iclasında mühüm təkliflə çıxış edib. Xanım deputat qeyd edib ki, "Yol hərəkəti haqqında” qanuna bir vacib dəyişiklik etmək də yerinə düşərdi:

"Bildiyimiz kimi, son zamanlar yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobuslarının törətdiyi qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır.

Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişindaşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər. Məncə, belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə, məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir.

Bununla əlaqədar "Yol hərəkəti haqqında” qanuna xüsusi dəyişiklik də edə bilərik. Eyni zamanda sərnişinlər tərəfindən sürücülərə qarşı edilən kobudluq və zorakılıq aktları da çoxalmaqdadır. Efirlərdən və ya mətbuatdan tez-tez belə halların şahidi oluruq. Bu barədə də «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası qanununun 32-ci, "Sərnişinlərin əsas vəzifələri” maddəsində boşluqlar var və bu maddəyə mütləq belə halların aradan qaldırılması üçün sərnişinlərin davranış qaydaları haqqında bir sıra əlavələr olunmalıdır.

Ümumiyyətlə isə bu gün edilən dəyişiklikləri mən yüksək qiymətləndirirəm. Bu mənada hesab edirəm ki "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasınının qanununa edilən dəyişikliklər çox mühüm və aktualdır və onun lehinə səs verəcəm.

Ayyət Əhməd