Azərbaycan dövləti həm Qərb, həm də müsəlman aləmi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlıdır
"Son günlər ölkə mediasında, xüsusən televiziyalarda Rusiyanın Azərbaycana qarşı atdığı yanlış addımları tənqid edən, qərəzli qüvvələrin arxasında duran simaları ifşa edən əhəmiyyətli yazılar dərc olunur. Hətta ölkəmizə qarşı məkirli planlar hazırlayan şəxslərin konkret adları açıqlanır”.
Bunu "Şərq”ə açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Rusiya ilə yaşanan gərginliyi və bunun müqabilində ABŞ və Avropa ilə yaxınlaşmanı dəyərləndirən ekspert bildirib ki, Azərbaycan ortaya güclü siyasi iradə qoyduğunu nümayiş etdirdi:
"Əslində hamı çox gözəl bilir ki, Rusiyada ermənipərəst qüvvələrin başında düşmən ölkəyə sevgisi olan xarici işlər naziri Sergey Lavrov dayanır. Onun Dağlıq Qarabağla bağlı ortaya atdığı bütün təkliflər birbaşa ermənilərin marağına xidmət edir. Rusiya rəsmiləri nə qədər "xoşməramlı” açıqlamalar versələr də, Moskvanın bizə olan həqiqi mövqeyi hamımıza bəllidir”.
Politoloq bəyan edib ki, Azərbaycan Prezidentinin demarş xarakterli addımlarında da Rusiyaya münasibət özünü göstərir: "Məsələn, dövlət başçısı Bakıda İslam Oyunları keçirilən zaman Səudiyyə Ərəbistanının dəvəti ilə Riyad şəhərinə yollandı və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə müsəlman dövlətləri zirvəsində iştirak etdi. Tarixdə ilk dəfədir ki, Qərbin lider dövləti Amerika Səudiyyə Ərəbistanı başda olmaqla digər müsəlman dövlətləri ilə bir araya gəlir. Hətta deyilənə görə, məqsəd müsəlman ölkələrinin "NATO”-sunu yaratmaqdır. Görünən odur ki, Azərbaycan dövləti həm Qərb, həm də müsəlman aləmi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlıdır. Bu addımlar isə Rusiyanı qıcıqlandırır.
IV İslam Həmrəyliyi Oyunları da Kremli narahat edən əsas amillərdəndir. Azərbaycanın ABŞ rəhbərliyi ilə konfransa qatılması isə Moskvaya verilən ən təsirli mesajdır”. Ekspertin sözlərinə görə, Azərbaycan paralel olaraq Avropa Birliyi ilə danışıqlar aparır:
"Qərb strukturları ölkəmizlə bağlı müsbət açıqlamalar verir. Prezident Ərəbistana yola düşməzdən öncə Avropa Şurasının xarici işlərinə baxan səlahiyyətli şəxsi ilə görüşdü. Görüşün gündəmində Avropa Birliyi ilə Azərbaycan arasında viza sistemin ləğvi məsələsi var idi. Düşünürəm ki, Azərbaycan siyasi oriyentasiyasını tamamilə dəyişə bilər. Ancaq əsas müttəfiqlərimiz olan Türkiyə və Pakistanla ciddi məsləhətləşmələr aparılmalıdır. Müşahidə olunan odur ki, Azərbaycan Avropa məkanına meyillənir. Hesab edirəm ki, Rusiyanın arzuolunmaz addımlarına ən sərt şəkildə cavab verilməlidir”.
İsmayıl