Mütəxəssis ümidsizdir: “...Televiziyalardakı problemlər həll olunmayacaq"

Televiziyalarla bağlı problemlər hər zaman aktuallıq kəsb edib. Tamaşaçıların çox hissəsi televizyalardan narazıdır. Bayağı verilişlər və şou proqramlar, teleseriallar, bəzi müğənnilərin efiri zəbt etməsi tamaşaçıları telekanallardan "soyudub”.
Bir müddət öncə televiziyalarda bədii şuralar yaradıldı. Əsas məqsəd telekanallardakı neqativ halları və problemləri aradan götümək, daha səviyyəli və intellektual efir məkanı yaratmaqdır. Amma bədii şuraların buna nail olacağı sual altındadır.
Tanınmış media eksperti Zeynal Məmmədli "Sherg.az”a açıqlamasında bildirib ki, bədii şuraların yaradılması çox tələsik və mənasız bir cəhddir:
"Bədii şuraların yaradılmasını birmənalı olaraq populist addım sayıram. Sanki televizyalardakı xoşagəlməz, bayağı verilişləri görürük və qarşısını almağa çalışırıq. Amma unutmaq lazım deyil ki, televizyalar ilk öncə güclü informasiya vasitəsidir. Bədii şuralar əyləncəli televiziyalarla məşğul olacaqlar, informasiya və xəbər proqramlarına nə kimi nəzarət edə bilərlər ki? Aparıcıların bədən dili, manerası, şəxsiyyət kimi formalaşması ilə bağlı nə edəcəklər? Bədii şuraların bilgiləri bunları həyata keçirməyə uyğun deyil, təcrübələri azdır”.
Ekspert qeyd edib ki, televizyalardan ilk növbədə peşəkar məlumatlandırma vasitəsi olmalıdır:
"Ölkəmizdə ifadə, mətbuat azadlığı var. Buna adekvat olaraq debat, müzakirə proqramları və polemikalar olmaldır. Bəzən efirlərdə aşağı səviyyəli, bayağı verilişlər yayımlanır. Digər tərəfdən AZTV və İTV-dən başqa qalan televizyalarda ciddi maliyyə problemləri var. Maraqlı olan budur ki, maliyyə problemləri necə həll olunacaq ? Məlumdur ki, keyfiyyətli iş həm də maliyyə mənbəyi deməkdir. Maliyyə yoxdursa, reklam xatirinə istənilən verilişlər veriləcəksə, televiziyalardakı problemlər həll olunmayacaq.
 Bu gün televiziyalarımızda həkim proqramları baş alıb gedir. Təbii ki, sağlamlıqla bağlı verilişlər olmalıdır. Amma televiziyalar həkimi və hansısa klinikanı reklam edirsə, bunun sağlamlığa nə xidməti var? Televiziyalarımızdakı reklamların məzmununa baxsaq, Azərbaycanda nələrin inkişaf edib-etmədiyini açıqca görəcəyik. Bütün bunlar televizyalarda olan əsas problemlərdən biridir. Bədii şuralarla bu problemləri həll etmək inandırcı deyil. Buna can atsalar belə, həll edə bilməyəcəklər”.
Yeganə Bayramova