Neftin qiymətlərinə güvənimiz yoxdur

Bu gün başlanılan iqtisadi islahatlar yaxın zamanlarda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inqilabi bir dönüşü hədəfləyib




Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti yenə bahalaşıb. 1 barelin qiyməti 0,63 faiz artaraq 87,51 dollara bərabər olub.
Neftin qiymətinin son 4 ilin maksimumuna çatdığını qeyd edən ekspertlər hesab edir ki, "qara qızıl”ın qiyməti Çin şirkətlərinin ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların iştirakçısı olacağı ilə bağlı çıxan xəbərlər fonunda yüksəlir.

Dünya neft bazarında nələr baş verir və bu durumda biz nə etməliyik?

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "Şərq”ə açıqlamasına görə, dünya bazarlarında neftin qiymətlərində 2014-cü ilin ortalarından başlayan kəskin azalmalar 2016-cı ilin yanvar ayında özünün pik həddinə - bir barel üçün 32,1 dollara çatıb: "Bundan sonra qiymətlərdə müxtəlif zaman kəsiyində müəyyən oynamalar olsa da o, əsasən yüksələn xətlə artaraq bugünkü səviyyəyə - yəni bir barel üçün 85,6 dollara yüksəlib. Qiymətlərdə son aylar ərzində baş verən davamlı yüksəlişə mütəxəssislər müxtəlif izahlar versələr də, artım bilavasitə dünya siyasi müstəvisində baş verən proseslərlə bağlıdır. İlin sonuna qədər neftin qiymətinin 100 dollara qədər artacağı barədə proqnozların da reallığını qəbul etmək olar. Çünki noyabr ayının 4-dən etibarən Birləşmiş Ştatların İran neftinin satışına qoyduğu embarqo qüvvəyə minəcək. İranın dünya bazarlarına çıxardığı neftin həcmi sanksiyalar götürüldükdən sonra 2,5 milyon barel səviyyəsinə qədər artmışdı. Sanksiyaların yenidən tətbiqindən sonra nə baş verəcək? İran artıq bu sanksiyaların bəyan edildiyi vaxtdan nefti kimlərə, hansı yollarla və hansı şərtlərlə satmaq istiqamətində araşdırmalar aparmaqla məşğuldur. Lakin bu işlər nə qədər səmərəli olacaq? İran embarqoya qədər bazara çıxardığı 2,5 milyon barel neftin hansı hissəsini gizli sövdələşmələr yolu ilə sata biləcək? Bəlli məsələdir ki, bu yolla satılan neftin qiyməti dünya bazarında satılan neftin qiymətindən xeyli aşağı olacaq. Deməli, İran qadağalar qüvvəyə mindikdən sonra embarqoya qədərki həcmdə neft sata bilsə belə, bunun böyük bir hissəsini gizli yollarla edəcəyindən qiymətlərin aşağı olması hesabına itkilərə məruz qalacaq. Digər tərəfdən, onun embarqonun tətbiqindən sonra neft satışı həcmi kəskin azalacaq. Bu isə İran iqtisadiyyatına növbəti ciddi zərbə, dünya bazarlarında neftin qiymətlərinin yüksəlişinə isə bir təkan olacaqdır”.
Professorun sözlərinə görə, Azərbaycan neft ölkəsi olaraq neft pulları hesabına valyuta ehtiyatlarını maksimum artırmalı və bu hesaba əldə edilən gəlirin bir hissəsini bilavasitə yerlərdə kiçik və orta istehsal və emal müəssisələrinin yaradılması üçün biznes layihələrin çox güzəştli şərtlərlə kreditləşdirilməsinə yönəltməlidir: " Bu gün dövlət xətti ilə biznes layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmini neftin qiymətinin kəskin artmasından daxil olan gəlirlər hesabına 10 dəfəyə qədər də artırmaq mümkündür. Bunu vəsaitlərin, bilavasitə Dövlət Neft Fondunun büdcəsindən Sahibkarlığın İnkişafı Fonduna ayırmaq yolu ilə də etmək olar. Bizim neftin qiymətlərinə güvənimiz yoxdur. Ölkə Prezidenti bunu dəfələrlə bəyan edib. Bu gün başlanılan iqtisadi islahatlar yaxın zamanlarda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inqilabi bir dönüşü hədəfləyib. Bu dönüşə nail olmağın ən düzgün yolu da banklarımızın iqtisadiyyatdan üz çevirdiyi bir dönəmdə neftin satışından əldə olunan əlavə gəlirlərin bir hissəsinin biznes mühitin qaldırılması istiqamətində xərclənməsi ola bilər”.

Şəymən