"Nəqliyyatda gediş haqqı uzun müddət stabil qala bilməzdi" - İqtisadçı

"İstənilən halda hər bir qərarın arxasında müəyyən səbəblər durur. Qiymət artımı iqtisadi sahə olduğundan arxasında iqtisadi amillər dayanır. Bir məsələyə diqqət etmək lazımdır ki, gediş haqqı uzun müddət stabil qala bilməzdi. Digər ölkələrin təcrübələrini də nəzərə alsaq, hər sahədə qiymət artımının baş verməsi vacibdir".
Bunu "Sherg.az”a Tarif Şurasının metro və sərnişindaşıma avtobuslarında gediş haqlarının 30 qəpiyə qaldırmasına dair qərarına münasibət bildirərkən iqtisadçı-ekspert Pərviz Heydərov söyləyib.
Onun sözlərinə görə, nəqliyyatda qiymət artımının baş verməsi çoxdan gözlənilən hadisə idi:
 " Hətta bu ilin əvvəlindən gediş haqqının artırılması planlaşdırılırdı. Hökumət uyğun zaman seçmək üçün bu qərarı nisbətən gecikdirdi. Bu hadisə dərs ilinin başlanması, yeni iş mövsümünün start götürməsi dövrünə təsadüf etməməli idi. Son illərdə yanacağın qiymətində müşahidə olunan artım da yay mövsümündə açıqlandı.
Xatırlatmaq istəyirəm ki, bundan əvvəl enerjinin və yanacağın qiymətləri bahalaşdı. Belə məqamda nəqliyyatda gediş haqqının bahalaşmaması qeyri-mümkün idi. Amma hökumət yenə də sosial təminatı aşağı olan təbəqənin maraqlarını nəzərə almağa çalışıb”.
Qeyd edək ki, ötən gün Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Yeni qərara əsasən metro və avtobuslarda gediş haqqı 30 qəpik həcmində müəyyən edilib.
Məlumat üçün onu da bildirək ki, dünya ölkəlıri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Aydın Baxış