“9 ildə təhsil qanununa 60 dəfə dəyişiklik etmişik”
Kamran Əsədov: “ABŞ-ın konstitusiyası 1789-cu ildə qəbul edilib və indiyə qədər bu ana qanuna 13 dəfə dəyişiklik olunub”
Bəzi millət vəkilləri "Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu iddia edərək qanunun yenidən hazırlanmasını təklif ediblər. Milli Məclisin sədri Oqtay Əsədov isə deputatların "Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.
O.Əsədov uzun müddətdən sonra qəbul edilən "Təhsil haqqında” qanunun yenidən işlənilməsinə dair təklifləri absurd hesab edir: " Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”.
Sonuncu "Təhsil haqqında” qanunun 2009-cu ildə qəbul edildiyini xatırladan təhsil eksperti Kamran Əsədov ötən 9 il ərzində hər il bu qanuna əlavə və dəyişikliklər edildiyini deyib:
"Lakin qanuna nə qədər dəyişiklik edilsə də, nəticədə təhsilin inkişafına ciddi şəkildə təsir göstərmir. Bunun əsas səbəbi odur ki, müəyyən edilmiş qaydalar uzun müddət ərzində istifadə edilmir və yeniliklər tam şəkildə mənimsənilməmiş yenisi ortaya çıxır”.
K.Əsədovun fikrincə, qanunvericiliyə tez-tez dəyişikliyin edilməsi insanların təhsilə olan inamını aşağı salır. Ona görə də, o, əsaslı dəyişikliyə ehtiyac olmadığı qənaətindədir:
"Fransada, 1805-ci ildə qəbul edilmiş təhsil qanunu hələ indiyə qədər özünü qoruyub saxlaya bilib. Təklif edirəm ki, bundan sonra təhsil verənlərin və təhsil alanların hüquqlarının, sosial vəziyyətinin və imkanlarının genişləndirilməsi istiqamətində iş görmək lazımdır. Geridə qoyduğumuz müddət ərzində edilmiş dəyişikliklərin nəticələrini təhlil etsək, görərik ki, edilmiş dəyişikliklərin heç bir faydası yoxdur. Ona görə də əsas diqqəti alt qanunların hazırlanmasına sərf etmək lazımdır”.
"Təhsil haqqında” qanunun tez-tez dəyişməsinin heç bir müsbət tərəfi olmadığını qeyd edən ekspertin fikrincə, bu zaman nəsillər arasında əlaqə, zəncir qırılır: "ABŞ-ın konstitusiyası 1789-cu ildə qəbul edilib və indiyə qədər bu ana qanuna 13 dəfə dəyişiklik olunub. Biz isə 9 il ərzində "Təhsil haqqında” qanuna 60 dəfə dəyişiklik etmişik. Bu, yaxşı hal deyil. 90-cı illərdə müstəqilliyi qazanandan sonra bu qanuna ehtiyac var idi. Uzun sürən müzakirələrdən sonra 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunun 95 faizi günün tələblərinə cavab verir.
Daha çox təhsilin keyfiyyətinin artırılması üçün fəaliyyət göstərməyə ehtiyac var. Ali təhsil haqqında, məktəbəqədər təhsil haqqında, elm haqqında qanun layihələrinin tətbiqinə diqqət yetirmək lazımdır. Bu gün gənclər elmə, tədqiqat işlərinə gəlmirlər. Gələnlərə də ciddi şəkildə maneələr yaradılır, imkan vermirlər. Azərbaycanda 30 yaşında və ondan aşağı bir nəfər də elmlər doktoru yoxdur. Bunları aradan qaldırmaq lazımdır. Elmə gənclərin cəlb olunmsı üçün stimullaşdırıcı tədbirlər görmək lazımdır”.
Şəymən