Niyə hər 3 körpədən 2-nin əmgəyi dar olur?- Pediatr izah edir

Vaqif Qarayev: "Bəzən analar çox dərman qəbul edir, onda əmgək kiçik ölçüdə ola bilir"


"Vaxtilə uşaqlarda əmgəyin ölçüsünün kiçik olmasına görə, həkimlər də ajiotaj qaldırmışdılar. Guya ki, əmgək balaca olanda beyindaxili təzyiq olur”.

Bunu Sherg.az-a hər doğulan 3 körpədən ikisinin əmgəyinin balaca olması ilə bağlı valideynlərin narahatlığına münasibət bildirərkən tanınmış pediatr Vaqif Qarayev deyib. 

O bildirib ki, əslində beyindaxili təzyiq deyə diaqnoz yoxdur. Bu hər hansı xəstəliyin, xüsusilə ciddi problemlərin əlamətidir:

"Sonralar həkimlər Türkiyədə, Avropada, digər ölkələrdə oxudular və bu fikri tamamilə, dəyişdilər. Yəni belə problem yoxdur. Əmgəyin balaca olmasının uşağa qətiyyən ziyanı yoxdur. Bir şərtlə ki, başın ölçülərin dinamikasına baxmaq lazımdır, aybaay. Beyinin özündə ciddi problem yoxdur, balacadırsa, balacadır. Biz ona heç bir şey edə bilmərik. Problem ondadır ki, bəzən böyük olur. Bəzən əmgək böyük olduqda deyirlər ki, təcili kiçiltmək lazımdır. 

Bu düzgün fikir deyil. Əgər hamiləlik normal keçməyibsə, bəzən analar çox dərman qəbul edir, onda əmgək kiçik ölçüdə ola bilir. Amma hər şey uşağın fiziki, psixoloji inkişafı ilə bağlıdır. Yəni uşaq normal böyüyürsə, baş ölçüləri qaydasındadırsa, mərkəzi sinir sistemi ilə bağlı heç bir problemi yoxdursa, psixoloji vəziyyəti normaldırsa, heç bir şey etmək lazım deyil. Amma problem varsa, uşaq fasiləsiz ağlayır, qaytarır, yemək yemir və s. onda gərək baş yoxlanılsın. Uşağılın əmgəyin ölçüsü baxımından heç bir problem yoxdursa, yeməsi, içməsi normaldırsa, ölçünü nəzərə almaq lazım deyil. Böyük ölçülü əmgəklərdə bəzən həkimlər deyir ki, raxitə meyllilik var. Əslində həm balaca, həm də böyük əmgəyi olan uşaqlar həmişə havada olmalıdır”.

Aysel Aslan