Nizami Cəfərov: " İctimai yerlərdə ana dilinin hüquqları qorunmalıdır"




Hər bir ölkənin dövlət dil siyasətində çalışılır ki, dövlət dilinin hüquqları, imkanları genişləndirilsin. Bu, ümumi bir qaydadır. 

Bu barədə Sherg. az-a "Azərbaycanda xarici dillərdə reklamlara icazə verilir" yeniliyini dəyərləndirərkən millət vəkili, akademik Nizami Cəfərov bildirib. 

Deputatın sözlərinə görə, bununla yanaşı beynəlxalq dillərdə də reklamlar var: 

"Hətta dil imperiyaları deyilən bir anlayış da mövcuddur. Beynəlxalq dillərdə reklamların miqyası geniş olur. Dünyanın hansı ölkəsinə getsək görərik ki, ingilis, fransız, çin, yapon, rus və s dillərdə reklamlar üstünlük təşkil edir. Azərbycan əlifbası latın əsaslı əlifbadır. Müəyyən sözlərin yazılmasında ingilis dili ilə Azərbaycan dili arasında fərqlər azalıb. Baxın, hər əlifba insan beynində bir assosiyasiya yaradır. Məsələn, ticarət obyektinin üzərinə ərəb əlifbası ilə nəysə yazılanda bilirik ki burada ərəb mənşəli məhsullar satılır. Bununla belə ictimai yerlərdə ana dilinin hüquqları qorunmalıdır. Amma burada bütün imtiyazları yalnız ana dilində saxlamaq mümkün olan iş deyil".

Qeyd edək ki, "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Ayyət Əhməd