O qədər cavabı verilməyən suallar var

Lövhə qarşısında saç ağardan müəllimlər arasına vəlvələ düşüb
Zəif nəticə göstərən müəllimlər işdən kənarlaşdırılsa, boş yerlərin sayı 10 minə çatacaq. Kiminlə dolduracaqlar bu yerləri?

İmtahandan kəsilən müəllimlərin işdən çıxarılacağı xəbəri aləmi bir-birinə qatıb. Lövhə qarşısında saç ağardan müəllimlər (belə şeir var, səhv etmirəmsə; "təbaşirdən qopan tozlar saçlarını ağartmışdır...” çox romantikdir - red.) arasına vəlvələ düşüb. İmtahan deyəndə də, əlbəttə ki, son illərin populyar "yarışması” - müəllimlərin diaqnostik qiymətləndirməsindən söhbət gedir. Vaxt vardı, deyirdilər, diaqnostik qiymətləndirmə ona görə aparılır ki, yaxşı nəticə göstərən müəllimlərin əmək haqqı digərlərindən fərqlənsin.

Amma indi iş gör, hara gəlib çıxdı. Zəif nəticə göstərənlərə məktəbin qapısı göstərilir - çıx, ardınca qapını çək. Bu nədir? "Dədə Qorqud”dakı kimi "aldadıb (ər) müəllim tutmaq”?! İxtisarla bağlı da fikirlər ziddiyyətlidir. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək nəticələrini yaxşılaşdırmaq üçün şans veriləcək. Bununla yanaşı, qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. C.Valehov bu metoda əl atılmasını yüksək bilikli, savadlı, bacarıqlı müəllimlərin işlə təmin edilməsi məqsədi daşıdığını deyib. Yəni, qısası, zəifin yerinə yüksək bilikli müəllim işə cəlb ediləcək. Əslində, burada mənfi bir hal yoxdur. Kim istəməz ki, məktəblərdə yüksək bilikli, savadlı müəllim kadrlar çalışsın?! Amma hər bir işdə olduğu kimi, burda da "əmmalar” ortaya çıxır. Məsələn, bildirilir ki, kifayət qədər vakant yer olacaq. Axı indiyədək də müəllimlərin işə qəbul qaydalarına bir xeyli dəyişikliklər edilmişdi, işə qəbul imtahanla aparılırdı, elektronlaşdırılmışdı. Amma müəllim ixtisası ilə iş axtaranlar yenə zar-zar ağlayırdı ki, nə qədər imtahan veririk, elektron ərizə doldururuq, Təhsil Nazirliyinin elektron saytına daxil olmaqdan barmaqlarımızın ucu qabar atıb, amma işə düzələ bilmirik. Köhnələr və bacarıqsızlar (köhnə sözünün yanında bacarıqsız ifadəsi bir az yerinə düşmür (köhnələrdə nə olmasa da, təcrübə, bacarıq olar hər halda -red.) qapı dışı edildikdən sonra yaranacaq bol vakant yerlərə sahiblənmək asanlaşacaqmı, yəni?

Təhsil eksperti Nadir İsrafilov həmişəki kimi, bu dəfə də təhsilimizi "həftəbecər - vineqret”ə bənzətdi:

- Bizim bəlamız bundadır ki, hərədən bir şey götürmüşük. Ona görə də təhsilimiz olub həftəbecər. Hər ölkənin özünün xüsusiyyətləri var. Almaniya da Baloniya prosesinə qoşulub, Fransa da. Amma bu iki ölkədə təhsil tamam fərqlidir. Dünyada təhsil sahəsində birinci yerdə olan Finlandiyada uşaqlar məktəbə 7 yaşından gedir. 7 yaşının tamamına bir gün belə qalıbsa, uşağı məktəbə qəbul etmirlər. 7 yaş mütləq tamam olmalıdır. Bunu məhz 7 yaşlı uşağın bədən quruluşunun lazımi formanı alması ilə izah edirlər. Bizdə necədi? 6 yaşdan məktəbə qəbul edirlər, bir də görürsən, valideyn uşaq vaxt itirməsin düşüncəsi ilə 6 yaşının tamamına hələ 2-3 ay qalmış uşağı da məktəbə aparır. 

Guya 6 yaşından bu məktəbə getməsə, alim ola bilməyəcək. Bilirsiz, təhsilimizdə vəziyyət yaxşı deyil. Biri-birinə təkzib edən, ziddiyyətli hallar var. 1999-cu ildə qəbul olunmuş "Təhsil islahatları Proqramı”nda qeyd edilirdi ki, müəllim əməyinin stimullaşdırılması və əmək haqqının diferensiallaşdırılması məqsədilə müəllimlərin attestasiyası keçirilsin. Attestasiya nəticəsində müəllimlərə kateqoriyalar veriləcəkdi və əmək haqqı da buna uyğun təyin edilməliydi. Sovet vaxtında bizdə attestasiya təcrübəsi olub. Sonuncu attestasiya da 1994-cü ildə keçirilib. Ondan sonra daha attestasiya aparılmadı. 

Bu gün, sabah deyə-deyə gəlib çıxdıq 2001-ci ilə. 2001-ci ildə Nazirlər Kabinetinin həkim və müəllimlərin attestasiyadan keçirilməsinə dair qərarı oldu. Həm də qərarda təkcə müəllimlər deyil, rəhbər və pedaqoji kadrlar yazılmışdı. Attestasiya 2004-cü ildə yekunlaşmalıydı. Bu da olmadı, ovaxtkı təhsil naziri Misir Mərdanov yarızarafat, yarıgerçək dedi ki, qoy əvvəlcə, həkimlər attestasiyadan keçirilsin, biz də təcrübə toplayaq. Amma Mikayıl Cabbarovun komandası diaqnostik qiymətləndirmə adı ilə "attestasiya” keçirdi. Və görünür ki, diaqnostik qiymətləndirmə yalnız müəllimləri əhatə edir. Rəhbər kadrlar qalıb kənarda. Əvvəlcə, deyirdilər, məktəb direktorlarına dərs saatı verilməməlidir. Sonra fikirlərini dəyişdilər, direktorlara 6 saat dərs yükünə icazə verildi. Bəs necə olur? Direktorlar axı, diaqnostik qiymətləndirmədən keçməyiblər? 

Onlar necə sinfə daxil olub, dərs deyirlər? Belə çıxır ki, bütün vurhavur müəllimləri ixtisar edib, yeniləri işə qəbul etməkdir?! Bilmirəm, burda hansı məqsəd var. Nazirlik rəsmilərinin son çıxışları kimlərinsə əlinə bəhanə verib. Mənə hər gün nə qədər məlumat gəlir ki, rayonlarda müəllimlərə təzyiqlər başlayıb. Aləm qarışıb bir-birinə. Deyirlər, vakant yerlərə bilikli, savadlı kadrlar işə qəbul ediləcək. Hazırda 6 mindən yuxarı vakant yer var. Zəif nəticə göstərən müəllimlər işdən kənarlaşdırılsa, boş yerlərin sayı 10 minə çatacaq.

 Kiminlə dolduracaqlar bu yerləri? Bizdə bu qədər savadlı, bilikli, təcrübəli kadrlar varmı? Deyirlər, filan qədər saxta diplom aşkarlanıb. Kim verib bu diplomları? Saxta deyəndə nə nəzərdə tutulur? Möhür saxtadı, imza saxtadı, yoxsa adam özü?! O qədər cavabı yox, suallar var. Mən bunu bilirəm ki, biz gərək özümüzə uyğun təhsil modeli tətbiq edək. Yaxşı nümunələri götürmək olar, amma harda nə varsa, kor-koranə gətirib tətbiq edəndə, həftəbecər alınır.

Məlahət Rzayeva