O virus ölüm gətirir

Xoşbəxtlikdən "Nil Qripi"nin Azərbaycana keçmə ehtimalı çox azdır


Bəzən qrip xəstəliyinə adi bir xəstəlik kimi baxırlar. Qripdir deyib yaxınlarımızın bu xəstəliyə yoluxmasına laqeyd yanaşırıq. Amma qripin eyni zamanda yoluxucu xəstəliklər siyahısına daxil olduğunu nəzərə alsaq, bu xəstəliyin ciddi fəsadlara, bəzən ölümə də gətirib çıxaracağını diqqətdən qaçırmaq olmaz. Son illər "Qərbi Nil" xəstəliyinin yayılması ilə bağlı statistik məlumatlar da onu deməyə əsas verir ki, bu xəstəliklər ciddi problemlərin yaranmasına gətirib çıxarır. Dünyanın bir çox ölkələrində yayılan "Qərbi Nil" xəstəliyinin Azərbaycana da gəlib çıxıb-çıxmaması müzakirə mövzusuna çevrilib. Bu xəstəlik Azərbaycana da gəlib çatıbmı və ya bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bu sualla mütəxəssisə müraciət etdik.

Yeri gəlmişkən xatırladaq ki, Rusiya Səhiyyə İdarəsi Avropada "Qərbi Nil" qızdırmasının yayılması ilə bağlı xəbərdarlıq edib. Bu xəstəliyə son ildə 1,3 min nəfər yoluxub və nəticədə 140 nəfər dünyasının dəyişib. 2018-ci il tarixi üçün ümumilikdə 1317 yoluxma halı (İtaliya - 495, Yunanıstan – 283, Rumıniya – 256, Macarıstan – 197, Xorvatiya – 45, Fransa – 16, Avstriya – 15, Bolqarıstan – 6, Sloveniya – 3, Çexiya – 1) qeydə alınıb.

"Qərbi Nil" virusu (QNV) flavivirus tərəfindən törədilən infeksiyadır, çox hallarda simptomsuz olur, lakin öz-özünə sağalan qripəbənzər xəstəliklərə (Qərbi Nil qızdırması və ya QNQ) və nadir hallarda, Qərbi Nil neyroinvaziv xəstəliyinə (QNNX) səbəb ola bilər.
Qeyd edək ki, "Qərbi Nil" virusu ilk dəfə 1937-ci ildə Uqandada aşkarlanıb. Bu virusa qarşı vaksin kəşf olunmayıb. Xəstəliyin əlamətləri baş ağrısı, yorğunluq, ürək bulanması, əsəb, səpgi, limfa düyünlərinin şişməsidir. Virusun əsas daşıyıcıları ağcaqanadlardır. Xəstəlik xüsusən 50 yaşdan yuxarı insanların həyatı üçün daha təhlükəlidir.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında "Nil Qripi"nin fəsadlarının hələ Azərbaycan ərazisində aşkarlanmadığını diqqətə çatdırdı:

 "Nil Qripi"nin əsas daşıyıcıları çöl quşları sayılır, xüsusilə də köçəri quşlar. Eyni zamanda ağcaqanadlar vasitəsilə yay aylarında bu xəstəliyin yayılma ehtimalı çoxalır. Çox ağır təhlükəli virusdur. Yəni qısa müddət ərzində insan həyatına son qoya bilir. Azərbaycana gəlincə, ictimaiyyətdə bu xəstəliklə bağlı narahatlığa əsas yoxdur. "Nil Qripi"nin Azərbaycana keçmə ehtimalı çox azdır. Nəzərə alsaq ki, iqlimə uyğun olaraq, payızda köçəri quşlar bizim ölkədən gedir, ona görə də bu təhlükənin yayılması sıfıra bərabərdir. Azərbaycan üçün belə bir təhlükə yoxdur. Yeri gəlmişkən qeyd edim ki, xəstəliyin əlamətləri kəskin temperatur, baş və göz ağrıları, halsızlıq, əzələ ağrıları ilə özünü göstərir. Xəstəliyə yoluxan şəxs vaxtında və düzgün müalicə olunmadıqda xəstəlik ölümlə nəticələnə bilər".

Həkim-allerqoloqun fikrincə, xarici ölkələrdən gələn əcnəbi turistlər və ya miqrantlar vasitəsilə də bu xəstəliyə yoluxma ehtimalları olur. Amma Azərbaycanda bu kimi problemlərlə üzləşməmək üçün ciddi addımlar atılır: 

"Dövlət Kömrük Komitəsində yoluxucu xəstəliklərlə bağlı ciddi nəzarət var ki, ölkəyə gələn hər bir xarici vətəndaş nəzarət komitəsindən keçirilir. Səhiyyə Nazirliyi də bununla bağlı ciddi proqramlar hazırlayıb ki, xaricdən gələn yoluxucu xəstəliklərin qarşısı alınsın. Yəni bizim ölkəmizə bu xəstəliklərin keçməsi minimum səviyyədədir. Bu, statistik rəqəmlərlə də özünü sübut edir. Ölkəyə daxil olan hər bir əcnəbidən sağlamlıq arayışı tələb olunur. Dövlət Miqrasiya İdarəsi dövlət Gömrük Komitəsi ilə yanaşı, bu kimi problemlərin qarşısını almaq üçün ciddi profilaktik addımlar atır".

İlahə