"Ölkəmizə təhlükəli quş ətinin gətirilməsi davam edir" - Qarşısı alınmır





"Azərbaycana yemək üçün xaricdən yumurta gətirilmir”.

Bunu "Sherg.az”a "Avropanı təlaşa salan fipronil maddəsi qarışan zərərli yumurtalar Azərbaycana gətirilə bilərmi ?" sualını cavablandırarkən  Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, 6 aydan çoxdur, ölkəmizə xaricdən yalnız damazlıq yumurtalar gətirilir:

"Bununla belə Ukraynadan təhlükəli quş ətinin gətirilməsi davam edir. Bu qarşısı alına bilməyən problemdir.

Yumurtalarla bağlı isə heç bir problem yoxdur. Yenə də hər gün birliyimizə yumurtanın keyfiyyətsizliyi ilə bağlı telefon zəngi gəlir. İstehlakçılara bildirmək istəyirəm ki, aldıqları yumurtanın üzərinə istehsalçının adı və istifadə müddətinin yazılmasına diqqət etsinlər. Bazarda külli miqdarda köhnə yumurtalar var. Köhnə yumurta isə Avropada yayılan zərərli yumurtadan qat-qat təhlükəlidir. Çünki yumurtadan insanlar ciddi xəstəliklərə tutula bilər”.

Qeyd edək ki, zərərli yumurtalardan Avropanın 15 ölkəsinə ixrac olunub. Artıq Avropa Birliyi də məlum vəziyyətlə bağlı həyəcan təbili çalıb.

Aysel Aslan