Şagirdin yerə bayraq şəkli çəkməsini süngü ilə qarşılamaq yersizdir
"Videogörüntünü çəkən şəxsin uşağa irad bildirmək əvəzinə sevinərək bunu lentə alıb ictimailəşdirməsi, bəzi “böyüklər”in də həmin uşaqdan fərqlənmədiyini göstərir"
Hər il ölkəmizdəki əlamətdar günlərlə bağlı Bakıda və bəzi bölgələrdəki məktəblərdə müxtəlif tədbirlər olur. 9 noyabr Bayraq Günü münasibəti ilə paytaxt məktəbliləri arasında bədii qiraət, inşa və rəsm müsabiqələri keçirilib. Hər məktəb fərqli bir formada iş görmək istəyir. Bəzən isə heç bir iş görməyənlər görülən işdə başqa nəsə axtarmağa çalışır.
9 noyabr ilə bağlı asfalt üzərinə çəkilmiş bayraq şəkli və şagirdlərdən birinin bayrağın üzərindən keçməsi, sosial şəbəkələrdə geniş müzakirə obyekti olub. Baş verənlərdə şagirdi qınayanların ardı-arası kəsilmək bilmir.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov da "Şərq”ə açıqlamasında bildirib ki, orta məktəblərdə görülən işlərlə bağlı mənfi nəsə axtarmaq yaxşı hal deyil:
"Təəssüf ki, bəzən insanlar həqiqi vətənpərvərliklə "vətənşüvənliyi” dəyişik salırlar. Sosial media səhifələrində bir məktəbdə şagirdin asfalt üzərinə çəkilmiş bayrağın üzərindən keçdiyi görüntü ciddi "müzakirə”lərə səbəb olub. Təbii ki, həmin uşağın bu hərəkətinə haqq qazandırmaq fikrində deyiləm. Amma videogörüntünü çəkən şəxsin uşağa irad bildirmək əvəzinə sevinərək bunu lentə alıb ictimailəşdirməsi, bəzi "böyüklər”in də həmin uşaqdan fərqlənmədiyini göstərir. Hər il bir sıra əlamətdar günlərdə uşaqlar arasında asfalt üzərində çoxsaylı rəsm müsabiqələri keçirilir. Bu, bütün dünyada yayılmış tendensiyadır. Həmin müsabiqələrdə isə bütün atributlar və ən ehtiram göstərilən dəyərlər (Bayraq, ölkənin xəritəsi, əsgər görüntüsü və digər bu kimi rəsmlər) mövzusunda uşaqların yaradıcılığı əks olunur”.
Ekspert bildirib ki, "Bayraq haqqında” qanuna görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər var. Amma o məhdudiyyətlərdə deyilir ki, Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz:
"Bayrağın şəklinin yerə çəkilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Bunlar azyaşlı uşaqlardır. Onlar sabahın naziri, həkimi, müəllimi və bəzən də şəhididirlər. Biz şagirdlərimizə vətənpərvərliyi bütün üsul və vasitələrlə öyrətməliyik, onların işini aşağılamalı deyilik.
Dövlət Bayrağı Bakı şəhərində keçirilən bir çox beynəlxalq yarışlarda da yerə çəkilib. Keçirilən mötəbər yarışlarda da dövlət bayrağı yerə çəkilib. Bu tədbirlərin, görülən işlərin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Amma deyəsən, kimlərsə Roma papasından artıq katolik olmaq istəyirlər”.
Yeganə Bayramova