Onların müdafiəyə daha çox ehtiyacı var

Ekspertlər hesab edir ki, bəzən mətbuat uşaqları müdafiə etməkdən çox onlara zərər verir


1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) də Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Mingəçevir şəhərində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda seminar keçirib. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar. 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub. 

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir: 

"Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu (11-ci maddə), ‘’Televiziya və radio yayımı haqqında’’ Azərbaycan Respublikasının qanunu (11.5.3), "İnformasiya əldə etmək azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır.

 Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə seminar iştirakçılarını məlumatlandırıb.

"Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, "Bərdə” qəzetinin baş redaktoru Elbrus Məmmədov, İTV-nin Qərb bölgə müxbiri Şöhrət Eyvazov, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı, "Azərbaycan bələdiyyələri” qəzetinin əməkdaşı İxtiyar Həsənli və digər çıxışçılar "KİV və uşaq hüquqları” mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışıblar. QHT Şuranın təmsilçisi Mirzə Zaidov seminarın gedişini müşahidə edib. O, Şuranın fəaliyyət və icra olunan layihələr barədə seminar iştirakçılarını bilgiləndirib.

Qeyd edək ki, uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır.

Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.

Sosioloq-jurnalist Lalə Mehralı "Şərq”ə açıqlamasında deyib ki, əksər vaxtlarda mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır: 

"Xüsusən də, yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar. Bu yolverilməzdir, yayımlasa belə, üzü görünməməlidir. Bu qaydanı pozanlar cərimə və yayım cəzası alsa, bir də təkrarlamaz. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, qansız, amma kəsərli söz silahı. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var, istismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir. Təxminən 2-3 il əvvəl sosial şəbəkələrdə üz-gözü yaralı, göyərmiş halda olan 3-4 yaşlı qız uşağının şəkli yayımlanırdı. O şəkli yayımlayanların əksəriyyəti də mətbuat işçiləri idi. Uşaq valideynləri tərəfindən fiziki zorakılığa məruz qalmışdı, üstəlik, bu vəziyyəti mətbuat aşkar etmişdi, amma uşağın üzünü qəzetlərdə, saytlarda yayımlamışdılar, bu doğru deyildi”.

Lalə xanım hesab edir ki, intihara cəhd etmiş, ehtiyatsızlıqdan kiçik qardaşını odlu silahla öldürmüş azyaşlıların şəklini yayımlamaq da düzgün deyil: 

"Bu günlərdə sosial şəbəkədə də buna iradımı yazdım, həmkarlarıma etiraz etdim. Bilirsiniz, təxminən 1 ay əvvəl küçədən çılpaq qız uşağı tapılmışdı 5 yaşında, sosial şəbəkədə, sonra saytlarda şəklini yayımladılar, anasının onu atdığını yazdılar, üzünü bütün ölkəyə göstərdilər. İki gün əvvəl məlum oldu ki, uşaqda QİÇS tapılıb, onu dünyaya gətirən qadın sevgilisinin uşağa dəfələrlə təcavüz etməsinə imkan yaradıb. Bu uşağın üzünü təzədən gizlədib yayımladılar, nə xeyri oldu ki? Onsuz da o körpəni hamı tanıyır, ucuz reklam, şou yaradan həmkarlarımın sayəsində hamı üzünü xatırlayır. Uşağa şərti ad qoyublar üstəlik. Üzünü göstərdiniz, amma şərti ad qoyanda guya peşəkar oldunuz? Adını gizləməklə nə olur ki? Hamı o 5 yaşlı qızın halına yandı, onu küçəyə atana söydü, amma heç kim şəklini üzü açıq formada yayanlara etiraz etmədi. Bunu özünü peşəkar adlandıran jurnalistlər də etdi, saytlar da. O körpənin böyüməyi, gələcəyi, gənc qız olmağı da var, bu mərət internetdə o şəkillər qarşısına da çıxacaq, onu tanıyanlar da olacaq. Siz ucuz şou yaradanda o qızın gələcəyini düşünmürsünüz, xeyriniz dəymir, heç olmasa, ziyan da vurmayın. Mətbuat onları qorumalıdır, şərəf və ləyaqətinə, gələcəyinə kölgə salmamalıdır. Bir körpə haqqında xəbər yazanda, material işləyəndə onun yerinə öz övladınızı düşünün və qərar verin, sizin övladınızın şəklini o qaydada yayımlasalar, bu sizi incitməzmi? Empatiya hissi çox lazımlı və gözəl üstünlükdür, jurnalistlər empatiya yaratsın o uşaqlarla aralarında, ajiotaj, sensasiya xətrinə bir məsumun üzərindən İP, oxunma sayı qazanmasınlar”.

"Ölkə. az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə təəssüflə qeyd edib ki, cəmiyyətimiz və mediamız əsasən uşaqların problemlərini ən çox iyunun 1-də müzakirə edir, halbuki bu hüquqlar hər gün yada düşməli və qorunmalıdır: "Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə belə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə, açıq-aşkar efirdə göstərilir, mətbuatda yazılır və bununla da həmin uşaq ağır zərbələr alır.

Bəzən hansısa ailə münaqişəsinin ictimailəşməsindən sonra ailəyə məxsus uşağın da adının həmin məlumatlarda hallandırılması, açıq şəkildə işıqlandırılması həmin uşağın psixoloji zərbə alması ilə yanaşı, onun cəmiyyətdən küsməsinə də səbəb olur. Bəzən bəzi həmkarlarımız nəyəsə görə hətta günahsız uşaqların fotolarından istifadə edirlər. Hər hansısa bir hadisə baş verdikdə mütləq şəkildə uşağın adı şərti yazılmalı, onun valideynlərinin icazəsi olmadan şəklinin, yaxud ona aid hansısa məlumatın tirajlanmasına yol verilməməlidir. Bununla bağlı ölkə Prezidentinin də müvafiq sərəncamı var. Lakin təəssüf ki, bu vəziyyət təkcə portallara da aid deyil. Bəzən televiziyada da belə hallara rast gəlinir. Televiziyaların uşaqlara vurduğu zərbə isə daha böyükdür. Uşaq hüquqları media etikası-jurnalist etikasının əsas prinsiplərindən biri olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.

Şəymən
(Davamı olacaq...)


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb