Həmsədr ölkə kimi Fransanın davranışları heç bir məntiqə sığmır
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən həmsədr Fransanın öz statusuna zidd addım atması Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. Fransanın bir neçə regionları Qarabağdakı qondarma rejimlə qanunsuz əlaqələr yaradıb və qondarma rejimin nümayəndələrinin Şengen viza qaydalarının tələblərini pozaraq Fransa ərazisinə daxil olmalarına göz yumub. Bununla yanaşı, qondarma rejimin təmsilçilərinin Fransada anti-Azərbaycan təbliğatı aparmasına bilərəkdən şərait yaradılıb.
Münaqişənin tənzimlənməsi ilə məşğul olan bir ölkənin bu cür ermənipərəst mövqe sərgiləməsi, açıq şəkildə tərəf tutması rəsmi Bakının ciddi narahatlığına səbəb olub. Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota verib. XİN həmsədr dövləti statusuna uyğun davranmağa və bu kimi əməllərə son verməyə çağırıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Nəzakət Məmmədova Fransanın növbəti ermənipərəst addımının gözlənilən olduğunu deyib. Ekspertin sözlərinə görə, Fransada uzun illərdən bəri böyük erməni diasporası çox aktiv fəaliyyət göstərməkdədir:
"Fransanın bəzi regionları ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın bəzi şəhərləri ilə "qardaşlaşmış şəhərlər” müqaviləsi bağlayıblar. Əlbəttə ki, dünya siyasətində böyük rol oynayan, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan, ən əsası isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa bu cür məsuliyyətsiz addımlar atmamalıdır. Çünki bu cür fəaliyyət Fransaya qarşı inamsızlıq yaradır. Vasitəçiliyin ən əsas şərti neytral və qərəzsiz olmaq, tərəf tutmamaqdır. Aydındır ki, Fransa ilə Ermənistan arasında ikitərəfli münasibətlər var. Amma münaqişənin olduğu Dağlıq Qarabağ ərazisi ilə bağlı addım atılması tamamilə beynəlxalq hüquqa ziddir”.
Analitik bildirib ki, Azərbaycan Fransanın fəaliyyəti ilə bağlı ATƏT-ə, yaxud BMT-yə müraciət ünvanlaya, şikayət edə bilər: "Ancaq nəzərə alaq ki, BMT-nin özündə də bu gün düzgün və ədalətli sistem yoxdur. Qurumun 5 daimi üzvü bütün qərarlara veto qoymaq hüququna malikdir. 5 ölkədən də biri Fransadır. Fransa öz əleyhinə qərar verməyəcəyinə görə, diplomatik kanallarla nəyəsə nail olmaq, rəsmi Parisi cəzalandırmaq mümkün görünmür. Sadəcə olaraq, notalar verməklə, israrlı şəkildə etiraz bildirməklə, bu işdən Fransanın nüfuzuna zərbə dəyəcəyini onların diqqətinə çatdırmaqla nəsə etmək olar. Ümid edək ki, bu təzyiqlərin müəyyən mənada nəticəsi olacaq”.
Ekspert bəyan edib ki, dövlət səviyyəsində Azərbaycanın Fransada böyük təbliğatı aparılır: "Çalışırıq ki, erməni diasporasının fəaliyyəti zəifləsin. Lakin düşmən lobbisini tamamilə sıradan çıxarmaq uzun illər tələb edir. Biz artıq prosesə başlamışıq və uğurla işimizi davam etdiririk. Zamanla bunun müsbət nəticəsini görəcəyik.
Əslində Azərbaycanın bir nüvə dövlətinə nota verməsi böyük cəsarət tələb edir. Lakin bununla yanaşı, ictimai təşkilatlar da fəallıq nümayiş etdirməli, Fransadakı nümayəndələrimiz aktivlik göstərməlidir. Səfirliyin qarşısında dinc piket, diaspora qurumlarımız Fransanın dövlət orqanları qarşısında etiraz aksiyası keçirə bilərlər. İctimai rəyin nəzərə alındığı demokratik bir ölkədə bu cür etirazlara mütləq reaksiya verilməlidir”.
İsmayıl