Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib

  • ABŞ kütləvi zərbələri yenidən bərpa edib-etməmək barədə qərar verməli olacaq

ABŞ Prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində İranla müharibədə dönüş mərhələsinə yaxınlaşdıqlarını bildirib. Sherg.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ kütləvi zərbələri yenidən bərpa edib-etməmək barədə qərar verməli olacaq.

“Mən mühüm qərar verməliyəm. İrana müdaxilə edib onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır. Mənim başıma hər şey gələ bilər”, - deyə ABŞ lideri İranla bağlı danışarkən bildirib.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens də münaqişə ilə bağlı açıqlama verib. O, gələcəyi proqnozlaşdırmaq fikrində olmadığını, lakin prezidentlə razılaşdığını bildirib ki, Yaxın Şərqdəki münaqişə bir neçə aydan sonra tamamilə fərqli mərhələyə keçə bilər.

Onun sözlərinə görə, proses yaxın zamanda yeni mərhələyə daxil olacaq və bunun necə nəticələnəcəyini indidən təxmin etmək faydasızdır. Siyasətçi əlavə detallar açıqlamayıb.