"Paşinyanın istədiyi qədər sərsəmləyə bilər. Onun mövqeyi Ermənistanın özünə zərbə vuracaq”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Deputat bəyan edib ki, Ermənistanın baş naziri danışdıqca beynəlxalq aləm onun kim olduğunu görür:
"Baş nazir ağzına gələni söylədikcə Ermənistanı daha ağır duruma salır. Bu da bizə sərf edir, çünki nəticədə zəifləyən düşmən ölkədir. Cənab Prezident Ermənistan rəhbərliyinin sərgilədiyi mövqəyə münasibət bildirərkən bəyan etdi ki, artıq sülh yolu dalana dirənib, səbəb isə indiki erməni hakimiyyətinin yeritdiyi siyasətdir.
Ermənistan hökuməti bu cür davam edərsə, Azərbaycan tərəfi müharibəyə əl atmaq məcburiyyətində qalacaq. 2016-cı il aprel ayından bəri torpaqlarımızın bir hissəsini düşməndən azad etmişik. Bunu davam etdirəcəyik”.
Deputat vurğulayıb ki, dövlət özü lazımlı bildiyi vaxtda Ermənistana hərbi güc tətbiq edəcək: "Heç kim bizi buna görə ittiham edə bilməz. Lap tutaq ki, bizi müharibəyə görə suçladılar. Nə dəyişəcək axı? İllərdir beynəlxalq qurumlar yalandan Ermənistanı ittiham edirlər. Lakin düşmən ölkə öz mövqeyini dəyişmir. Zamanı gələndə sözümüzü deyəcəyik. Həmsədrlər və digər beynəlxalq təşkilatlar sadəcə atılıb-düşəcəklər, deyəcəklər ki, "qurban olum, barışın” və s. Bundan savayı heç nə edəsi deyillər. Biz isə yavaş-yavaş öz işimizi görəcəyik”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışında deyib ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Dağlıq Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Prezident bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir: "Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.
İsmayıl