«KİV-in məlumatına əsasən, ehtimal etmək olar ki, Paşinyanın Rusiyaya səfəri uğurla başa çatmayıb». Bunu «Sherg.az»a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Analitik bildirib ki, belə güman etmək olar ki, Kreml Ermənistana "atalıq” qayğısını davam etdirmək üçün Nikol Paşinyanın qarşısında həll ediləsi vacib tapşırıqlar verib: «Yeri gəlmişkən, Vladimir Putinlə Nikol Paşinyanın görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında görüş olub. Həmin görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı ilə çəkdirdiyi foto münasibətin göstəricisi sayıla bilər. Nikol Paşinyan "Facebook” səhifəsində Moskvada Vladimir Putinlə keçirdiyi görüş barədə məlumat verib. O bildirib ki, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edib. Paşinyan görüşün müsbət təəssürat bağışladığnı bildirsə də, vacib məsələlərdən birində razılıq əldə edilməməsi onun iddiasının əksini ehtimal etməyə əsas verir. Ermənistan hökumətinə başçılıq edən deyib ki, Moskva görüşündə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir müzakirə olmayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibinin təyinatı məsələsinə toxunmayan Nikol Paşinyan vurğulayıb ki, qurumla bağlı çox qısa müzakirə açıblar. Bu isə onu göstərir ki, Kreml KTMT məsələsində Ermənistanın irəli sürdüyü təkliflərə elə ciddi yanaşmır».
Politoloqun sözlərinə görə, əslində, Ermənistanın narahatlıqla gözlədiyi vacib məsələ Rusiyanın satdığı təbii qazın qiyməti ilə bağlı idi: «Paşinyan bu məsələ haqqında danışarkən deyib: "təbii qazla bağlı heç qərar qəbul edilmədi. Müzakirə işçi qaydada davam edəcək”. Yeri gəlmişkən, cari ilin payızında Rusiya Prezidentinin Yerevana planlaşdırılan səfəri təxirə salındı. Bu ziyarətin 2019-cu ilin əvvəlində reallaşacağı ehtimal olunur. Nikol Paşinyan görüşdə Vladimir Putini Ermənistana dəvət edib. Azından, təbii qazın qiymətində razılaşmanın olmaması Moskva görüşünün uğursuz keçdiyini deməyə əsas verir. Qeyd edək ki, Ermənistan Rusiyadan idxal etdiyi təbii qaza alternativ olaraq İranın "mavi yanacağ”ını qoyur. İran-Ermənistan qaz kəmərinin uzunluğu 140 km-dir. Xəttin 100 kilometrlik hissəsi Güney Azərbaycanın Təbriz şəhərindən İran-Ermənistan sərhədinə qədər davam edir. Ermənistan hissəsi isə Meğridə bitir. Boru xəttinin radiusu 700 mm-dir. Bu kəmərin 220 milyon dollara başa gəldiyi iddia edilir. İki ölkə arasında təbii qazın nəqlinə dair 20 illiyə müqavilə imzalanıb. İrandan alınan hər bir kubmetr təbii qaz üçün Ermənistan İrana 3 kilovatt/saat elektrik verir. Boru xəttinin açılışı 2007-cı il martın 19-da reallaşıb. Hazırda İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır. Rusiya isə əvvəl bu yanacağı 150 dollara satırdı. Maydakı hakimiyyət çevrilişindən sonra Ermənistan bu rəqəmin azaldılacağını güman edirdi. Bunun üçün Kremlə müxtəlif istiqamətdə təzyiqlər göstərməyə çalışırdı. Rusiya Baş nazirinin müavini Dmitri Kozak Ermənistan hökumətinə, konkret olaraq, erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin min kubmetrinin qiymətinin 215 dollar olacağını və bu qərarın müzakirə olunmayacağını bildirib. Rusiyaya görə, Ermənistanın İranla əlaqəsinə ABŞ-ın göz yumacağını da ehtimal etmək olar. Bu yaxınlarda Yerevanın Tehrandakı səfiri Artaşes Tumanyan bildirib: "ABŞ-ın Ermənistanla Tehran-Yerevan əlaqələrinə dair apardığı danışıqlarda İranla münasibətimizin bizim üçün çox əhəmiyyətli olduğunu amerikalılar anladılar. Ermənistan İrandan daha çox təbii qaz idxal etmək niyyətindədir”. Səfir yaxın zamanda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artacağına ümidvar olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında bu istiqamətdə göstərici 200-250 milyon dollardır, ancaq tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir».
Görünür, Kreml yeni ildə Nikol Paşinyana və onu dəstəkləyən siyasi qüvvələrə soyuq başla düşünməyi tapşırıb.Təbii qazın qiyməti ilə bağlı məsələni həll etməməklə Rusiya onlar üçün qışda hər cür şərait də yaradıb. Odur ki, Paşinyan Moskva səfərindən boş qaz balonu ilə dönüb».
İsmayıl