Paşinyan öz reytinqini sürətlə itirir: "Artıq erməni diasporası da baş naziri dəstəkləmir"



"Ermənistanda sabiq prezident Robert Köçəryanın güclənməsi deyil, baş nazir Nikol Paşinyanın zəifləməsi, nüfuzdan düşməsi prosesi gedir. Paşinyan öz reytinqini sürətlə itirir. İrəvan-Moskva arasındakı gərginliyin əsas səbəbi də Paşinyanın baracıqsız siyasətidir” .

Bunu "sherg.az”a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Analitik bəyan edib ki, Köçəryanın dirçəlməsi mümkünsüz ikən, baş nazir Nikol Paşinyanın ard-arda kobud səhvlərə yol verməsi sabiq prezidentin önünü açdı: 

"Paşinyan Köçəryanı həbs etdirəndə məlum oldu ki, eks-prezidentlə bərabər tutulmuş beş-on vəkildən başqa heç kim onu müdafiə etmədi. Guya həbsdən sonra Köçəryanın reytinqi artmalı idi. Lakin bu da baş vermədi. 

Köçəryan adi mətbuat konfransı belə keçirə bilmədi. Problem ondadır ki, Nikol Paşinyanın xətaları, yanlış addımları onun rəqiblərinin əl-qolunu açdı. Əvvəl Paşinyan keçmiş hökuməti korrupsiyada ittiham edirdi. Sonra məlum oldu ki, indiki rejim də rüşvətə qurşanıb. Köçəryana görə, Serj Sarkisyanın qardaşının evindən çıxan və milyardlarla ölçülən pulun 50 faizi yoxa çıxıb, kimlərsə tərəfindən mənimsənilib. Paşinyanın adından harada yoxlama keçirilirsə, orada vəziyyət düzəlmək əvəzinə daha da çətinləşir. Kənd təsərrüfatı məhsullarının qiyməti durmadan bahalaşır. Köçəryanın həbs məsələsi nəticələnməmiş digər siyasilərin də cinayətə cəlb olunması prosesi gedir. Bütün bunlar baş nazirin mövqeyini zəiflədir”.

Ekspert bildirib ki, baş nazirin apardığı siyasət ölkədə ona qarşı hamını düşmən edir:

 "Erməni xalqı Paşinyandan ürkməyə başlayıb. Bir müddət əvvəl keçirilən "100 günlük” mitinqdə meydana 50 min adam toplanmışdı. Halbuki Paşinyan müxalifətdə olanda onun mitinqlərinə 200 min adam yığılırdı. Bu, o deməkdir ki, 100 gün ərzində Paşinyan 150 min tərəfdarını itirib. Artıq erməni diasporası da baş naziri dəstəkləmir. Paşinyan anti-Rusiya siyasəti aparsaydı, bəlkə ermənilər ona dəstək verərdi. Çünki erməni xalqında Moskvaya nifrət formalaşır. Lakin Paşinyan xalqın nəbzini tuta bilmir, hansı addımın atılması gərəkdiyini anlamır. KTMT rəhbəri Yuri Xaçaturovun qurumdan geri çağrılmadan cinayət məsuliyyətinə cəlb olunması birbaşa Rusiyaya savaş açmaq anlamına gəlir. Bu cür naşı addımlarla Moskvaya qarşı mübarizə aparmaq olmaz. Əgər Paşinyan daha üç-dörd kobud səhvə yol verərsə, ona qarşı keçirilən mitinqlərdən biri genişlənərək baş naziri hakimiyyətdən devirəcək. Bu, qaçılmazdır”.

Qeyd edək ki, Ermənistanda daxili vəziyyət getdikcə gərginləşməkdədir. Növbədənkənar seçki yaxınlaşdıqca, Qarabağ klanı ilə baş nazir Nikol Paşinyanın tərəfdarları hakimiyyət uğrunda savaşı şiddətləndirirlər. Son günlər müşahidə olunan İrəvan-Moskva gərginliyi isə Paşinyan hökumətinin aqibətini sual altına alır. Ekspertlərə görə, baş nazir bu cür siyəsətə davam edərsə, seçkiyə qədər devrilə bilər.

İsmayıl