Baş nazirin nə deməsindən asılı olmayaraq, əslində, Ermənistan güzəştlərə getməkdə özü maraqlı olmalıdır
Dünən Ermənistan parlamenti ölkənin yeni baş nazirini müəyyən etmək üçün toplanıb. Baş nazir postuna ən güclü namizəd Nikol Paşinyan sayılsa da, parlament onun namizədliyini qəbul etməyib. Keçirilən səsvermədə Paşinyanın lehinə 1 deputat belə səs verməyib. 11 deputat bitərəf mövqe tutub. Respublikaçılar, Daşnaksütyun Partiyası və Çarukyan Bloku seçkidə iştirak etməyib. Məlumat üçün deyək ki, bundan sonrakı iclasda da baş nazir seçilməzsə, parlament buraxılacaq.
Parlamentin iclasında diqqət çəkən məqamlardan biri də Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə sərsəm açıqlamalar səsləndirməsi olub. Paşinyan əvvəlki mövqeyini bir daha təkrar edərək Dağlıq Qarabağa görə məsuliyyət daşımadığını bəyan edib: "Mən Ermənistan adına görə məsuliyyət daşıyıram. Dağlıq Qarabağda danışıqlar aparmaq səlahiyyətinə sadə bir səbəbə görə malik deyiləm. Bu da Qarabağ xalqının Ermənistan hakimiyyətinin formalaşmasında iştirak etməməsidir. Bu o demək deyil ki, Paşinyan danışıqlarda iştirak etməyəcək. Mən bunu Ermənistan adından edəcəyəm”. Paşinyan Qarabağ konfliktinin həllinin uzaqda olduğunu bildirib.
Paşinyanın ifadələrini "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, baş nazirin nə deməsindən asılı olmayaraq, əslində, Ermənistan güzəştlərə getməkdə özü maraqlı olmalıdır. Çünki Ermənistan kimi kiçik dövlətlərin iqtisadi inkişafının əsasını regional əməkdaşlıq təşkil edir:
"Əgər Ermənistan regional layihələrdən tam şəkildə kənarda duracaqsa, deməli, onların iqtisadi və siyasi gələcəyinə ümid yoxdur. Ölkədə baş verən bütün proseslərin təsiri erməni cəmiyyətində kəskin şəkildə müşahidə olunur. Ermənistan danışıqlar prosesini daima pozub. İndiyədək tərəflərə 6 plan təqdim edilib: - paket, mərhələli, "ümumi dövlət”, "Ki Uest” planı, daha sonra Amerikanın Minsk Qrupunun iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, "Madrid prinsipləri". Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. 1998-ci ildə irəli sürülən "Ümumi dövlət" modelinə Azərbaycan da razı olmayıb. Hazırda müzakirə edilən "Madrid prinsipləri"ni həm Ermənistan, həm də Azərbaycan qismən qəbul etsə də, razılıq əldə etmək mümkün olmayıb.
"Madrid prinsipləri"nə görə, ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi də öz əksini tapıb. Rəsmi Bakı bu təkliflərin bir qisminə razılıq vermir.
Qərbin prinsipial mövqeyi belədir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. İndiyədək aparılan bütün danışıqlarda Azərbaycan öz ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı mövqenin tam qətiləşməsinə nail olub. Bu isə Ermənistanın danışıqlar prosesində fiaskoya uğraması anlamına gəlir. Ona görə də İrəvan heç bir nizamlanma variantı ilə razılaşmaq istəmir. Danışıqlar prosesini uzatmağa çalışmasının əsas səbəblərindən biri də elə bu məqamdır. Çünki rəsmi İrəvan Dağlıq Qarabağla bağlı planlarını reallaşdıra bilməyəcəyini anlayır”.
A.Rəşidoğlunun sözlərinə görə, Ermənistan hətta Dağlıq Qarabağa ən yüksək status vermək təklifləri ilə də razılaşmaq istəmir. Halbuki ən yüksək status ermənilərə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması şərtilə polis qüvvələrinin formalaşdırılması da daxil olmaqla, yerli özünüidarə hüquqları tanıyır:
"Ancaq ən yüksək status variantında ermənilər Dağlıq Qarabağda ordu qura, xarici ölkələrdə təmsilçiliklər aça bilməzlər. Eyni zamanda Dağlıq Qarabağın iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına bağlı olmalıdır. Azərbaycanın işğal altındakı 7 rayonu azad edilərsə, Dağlıq Qarabağa hər hansı statusun verilməsi elə bir ciddi problem yaratmaz. Çünki bundan Azərbaycan heç nə itirməz. Azərbaycan öz maliyyə imkanları hesabına rayonları ən qısa zamanda yenidən qura bilər. Əslində kasıb Ermənistanla bizim fərqimizi görən ermənilər özləri Azərbaycanın tərkibində qalmağı arzulayırlar. Bir sözlə, Bakı danışıqlar prosesində daha uğurlu mövqeyə malikdir və bunu dərk edən İrəvan prosesləri pozmağa çalışır”.
İsmayıl