"Paşinyan və ətrafının naşı bəyanatları gərginliyi artırır" - Deputat





"Azərbaycan istənilən vaxt Ermənistana layiqli cavab verə bilər”.

Bu sözləri "Sherg.az”a Prezident İlham Əliyevin Ermənistan baş nazirinin əsassız iddialarına cavabı barədə danışarkən millət vəkili Asim Mollazadə söyləyib.

Onun qənaətincə, Ermənistanda rəhbərliyə gələn qüvvələr bir-birlərinin səhv siyasi addımlarını davam etdirirlər:

"Hazırda işğalçı ölkədə təsadüfi hakimiyyətə gəlmiş şəxslər ölkənin ağır sosial, siyasi və iqtisadi problemlərini aradan qaldırıb, irəliyə addımlar atmırlar. Yanlış və naşı bəyanatlar verərək bölgədə gərginliyi daha da artırmağa davam edirlər. Azərbaycan üzdəniraq qonşumuzdan fərqli olaraq iki dövlət arasında yaranmış münaqişəni sülh yolu ilə həll etmək istəyir. Ölkəmizin kifayət qədər güclü hərbi texnikası və əsgər-zabit heyəti var. Ordumuz düşmənin hərbi qüvvəsini anında məhv edəcək dərəcədə qüdrətlidir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı Ermənistanın baş nazirinin iddialarına layiqli cavab verib. Cənab prezident bildirib ki, Ermənistan indi çox ağır vəziyyətədir. Ermənistan ordusu Azərbaycan ordusu ilə rəqabət apara bilməz. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir”.

Kənan Eynuroğlu