Paşinyanın addımları Kremli narahat edir

Cinayətkar “Qarabağ klanı”na hücum onların havadarlarını hərəkətə gətirib



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi ilə bağlı açıqlama verib. Lavrov bildirib ki, Ermənistanın yeni rəhbərliyi siyasi təqiblərə yol verməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara baxmayaraq, hazırda bunun tam əksinə davranış sərgiləyirlər. Rusiya XİN rəsmisi Ermənistanda yaşayan həbslərdən ciddi narahatlıq duyduqlarını gizlətməyib:

"Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi general Xaçaturov və keçmiş prezident Koçaryan dövlət çevrilişinə cəhddə ittiham olunur. Moskva rəsmi İrəvanın müttəfiqi kimi Ermənistanda sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Ermənistanda baş verənlər bizi narahat etməyə bilməz”. Xatırladaq ki, həbslərin gündəmə gəldiyi gündən etibarən bunun Kreml tərəfindən doğru qarşılanmayacağı deyilirdi. Sergey Lavrovun açıqlamasından da görünür ki, Moskva İrəvanda baş verənləri həzm edə bilmir.

Düşmən ölkədə yaşanan proseslərlə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev Ermənistanda hadisələrin gərginliyə doğru irəlilədiyini bildirib. Onun fikrincə, Nikol Paşinyanın "Qarabağ klanı”na qarşı açdığı savaş artıq bu cinayətkar qruplaşmanın havadarlarını hərəkətə keçməyə məcbur edib: 

"Keçmiş Prezident Robert Koçaryanın və Serj Sarkisyanın ən yaxın qohumlarının həbsi Rusiyanı dilə gəlməyə vadar etdi. Hadisələrin gedişi zamanı Rusiya Ermənistana bəyanatsız, lakin hərbi və iqtisadi təzyiqlərlə mesaj verirdisə, bu dəfə siyasi bəyanat verərək onu əməllərindən çəkinməyə çağırdı. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi Ermənistan nümayəndəsi Manvel Xaçaturyan həyata keçirir. 

O, 2008-ci il mart hadisələrində dövlət çevirilişndə ittiham olunaraq həbs edilib. Bu həbs əslində Rusiyanın təsir dairəsində olan bir qurumun rəsmi olaraq çökməsi ilə nəticələnə bilər. Əslində bu qurum Rusiyanın siyasi nüfuzu üçün çox vacibdir. KTMT-nin bir müddət daha mövcud olması üçün Rusiyanın Ermənistana ehtiyacı var. Rusiyalı ekspertlər Manvel Xaçaturyanın həbsini Rusiyanın üzünə tüpürmək kimi qiymətləndirirlər. Təsəvvür edirsinizmi necə vəziyyət yaranıb? Məsələn, NATO üzvü olan bir ölkədə siyasi hakimiyyət dəyişir və onlar NATO-nun baş katibini həbs edirlər”.

Siyasi şərhçinin sözlərinə görə, bütün bu proseslərlə yanaşı, Rusiyada ciddi olaraq Ermənistanla münasibətlərə yenidən baxmaq planları da var: 

"Bəzi rusiyalı ekspertlər hesab edirlər ki, Qərb tərəfindən şirnikləndirilən Ermənistan onsuz da yaxın gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışacaq. Ona görə də perspektivsiz bir müttəfiqliyi davam etməyə də lüzum görmürlər. Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyil. Avropa Birliyi isə ərazilərində münaqişə olan dövlətləri öz sırasına qatmağa meyilli deyil. Bu səbəbdən ilk növbədə Etmənistandan Qarabağ münaqişəsini birdəfəlik həll etməyi tələb edə bilərlər. Bütün beynəlxalq normativlərə əsasən, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. 

Belə olan halda niyə Rusiya qabaqlayıcı faktor kimi bu məsələni kökündən həll etməsin?! Rusiya regionda güclü və ədalətli ölkə obrazına sahiblənmək üçün müttəfiqləri ilə vassal kimi davranmağı buraxmalıdır. Gürcüstan və Ukraynada buraxılan səhvləri təkrar etmək yanlış siyasətdir. İndiki halda Rusiyanın əlinə Qafqazda ən etibarlı tərəfdaş qazanmaq şansı düşüb. Azərbaycanla həqiqi müttəfiqlik Rusiya üçün bir şansdır. Putin bu şansı düzgün dəyərləndirərsə, regionda böyük iqtisadi sıçrayış baş verəcək”.

İsmayıl