"Paşinyan tərəfindən atılan addım Rusiyanın müəyyən dərəcədə təzyiqi nəticəsində reallaşıb”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Siyasi şərhçi bildirib ki, Düşənbə görüşündən əvvəl Ermənistanın baş nazirinin ritorikası olduqca sərt və məntiqsiz idi. Lakin o birdən-birə fikrini dəyişdi və öz təşəbbüsü ilə dövlət başçısı İlham Əliyevə yaxınlaşdı:
"Nikol Paşinyanın mövqeyinin kəskin dəyişməsində Kremlin böyük rolu var. Son vaxtlar Rusiya prezidenti Vladimir Putinin Azərbaycan rəhbəri İlham Əliyevlə görüşlərinin dinamikası artıb. Bu da göstərir ki, indiki şəraitdə Moskva rəsmi Bakının mövqeyinə özünü daha yaxın görür. Paşinyan Dağlıq Qarabağı danışıqlar prosesində "tərəf” kimi görürdü. İnanmıram ki, bu cür yanaşma Moskvanın xoşuna gəlsin.
Çünki erməni baş nazirin təklifi danışıqlar prosesinin konstruktivliyini pozurdu. Bununla kifayətlənməyən Paşinyan iddia edirdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qondarma qurumun tərkbindədir və nə vaxtsa bütün torpaqlar Ermənistana birləşdiriləcək. Paşinyanın bu bəyanatları məhz Moskvada səsləndirməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Təkcə Rusiya yox, digər həmsədr ölkələr də baş nazirin təhlükəli açıqlamalarını normal qarşılamayıblar”.
Analitikə görə, Ermənistana münasibətin sürətlə dəyişdiyini görən Paşinyan Moskvanın təsiri ilə əvvəlki yanaşmasını korrektə edib: "Hesab edirəm ki, Rusiya gələcəkdə də çalışacaq ki, danışıqlar prosesi məcrasından çıxmasın. Məncə, Rusiya münaqişənin dinc yolla həlli ilə bağlı prosesin yavaş-yavaş da olsa inkişaf etməsində maraqlıdır. Yəni Moskva indiki status-kvonu tam olaraq saxlamaq istəmir”.
İsmayıl