"Bizim ölkədə 1 iş yerinə 1 pensiyaçı düşür. Əslində isə 3 iş yerinə 1 pensiyaçı düşməlidir ki, həm pensiya yaşı aşağı salına bilsin, həm də pensiyaların məbləği artsın"
Pensiya yaşının azaldılması real deyil
Bu məsələ Pensiya Fonduna yığımlardan asılıdır, orda da nəticə yoxdur
"Bizim ölkədə 1 iş yerinə 1 pensiyaçı düşür. Əslində isə 3 iş yerinə 1 pensiyaçı düşməlidir ki, həm pensiya yaşı aşağı salına bilsin, həm də pensiyaların məbləği artsın"
"Bizim ölkədə 1 iş yerinə 1 pensiyaçı düşür. Əslində isə 3 iş yerinə 1 pensiyaçı düşməlidir ki, həm pensiya yaşı aşağı salına bilsin, həm də pensiyaların məbləği artsın"
Azərbaycanda təqaüd yaşının azaldılması təklifləri getdikcə çoxalır.
"Sputnik Azərbaycan"ın xəbərinə görə, bir sıra ölkələrdə pensiya yaşının azaldılması barədə ciddi düşünülür və təkliflər planı hazırlanır. Məsələn, Çində hazırlanan belə layihədə kişilərin pensiya yaşının 60, qadınların isə 50 yaşa endirilməsi təklif olunur.
Gələn ildən vətəndaşlar heç bir sənəd toplamadan pensiya təyinatı alacaqlar.
Hətta bu layihədə işləyən şəxslərin təqaüd yaşının azaldılması ayrıca təklif olaraq irəli sürülüb. Bu gün Çin dünyada orta ömür yaşının yuxarı olması ilə seçilir. Çində gözlənilən ömür yaşı kişilər üçün 75, qadınlar üçün 78 olaraq müəyyənləşib.
2016-cı ili əhatə edən "Qlobal Xəstəlik Yükü Planı"nda ömür yaşına görə, 198 ölkə sırasında Azərbaycan 101-ci, Asiyada isə 48 ölkə sırasında 26-cı yerdə qərarlaşıb.
Hazırda ölkəmizdə qadınlar üçün pensiya yaşı 63, kişilər üçün 65 olaraq müəyyənləşdirilib.
Azərbaycanda növbəti illərdə də pensiya yaşının hər il 6 ay artırılacağı (kişilərdə pensiya yaşının 2017-2021-ci illər ərzində hər il 6 ay olaraq, qadınlarda isə 2017-2027-ci illərdə pensiya yaşının hər il 6 ay artırılması) nəzərə alan bəzi mütəxəssislər belə olduğu təqdirdə təqaüd almaq sevinci yaşayanların sayının illər keçdikcə azalacağını düşünür.
Millət vəkili Fazil Mustafa "Sputnik Azərbaycan"a pensiya yaş həddinin azaldılmasının tərəfdarı olduğunu deyib:
- Pensiya yaşının azaldılması kifayət qədər diqqət tələb edən məsələdir. Çünki Azərbaycanda problemlər çoxdur. Bununla yanaşı, təqaüdçülərə verilən pensiya məbləği yüksək olmadığından belə şəxslərin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Azərbaycanda orta ömür yaşı xeyli qısa olduğu üçün pensiya yaşının aşağı olmasının tərəfdarıyam".
"Tibb və səhiyyə problemlərinin aktual olduğu ölkədə insanların müalicə olunma imkanları da xeyli məhduddur. Bununla yanaşı, gənc yaşlarda ölümlərin sayı da artmaqdadır. Bu baxımdan, düşünürəm ki, pensiya yaşının azaldılması insanların 5-10 il avantaj qazanması deməkdir. Bu yaşın ən azı 2 və 2.5 il azaldılması əhalinin xeyrinə olardı" – deyə millət vəkili əlavə edib.
F.Mustafa bildirib ki, bu məsələ vətəndaşların marağına uyğun tənzimlənməlidir: "Əks halda, yenə də ən çox problemlə qarşılaşan əhali olacaq. Çünki əvvəllər az maaş alan, yaxud da müəyyən problemlərlə qarşılaşan şəxslər üçün ödənilən vəsait yetərli olmur".
Qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin bu ili əhatə edən məlumatına görə, Azərbaycanda 60-64 yaşlılar 419 min, 65-69 yaşlılar 262 min, yaşı 70-dən yuxarı olanların sayı isə 385 mindən artıq olub. Ötən illərlə müqayisədə 50 yaşdan yuxarı olan şəxslərin sayında artım var. 10-14 və 15-19 yaşlıların sayında isə azalma olub. Bu isə, o deməkdir ki, 9 milyon 898 min əhalinin 1 milyon 66 mini 60 yaşdan yuxarı şəxslər təşkil edir.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov «Şərq»ə açıqlamasında pensiya yaşının azaldılması təkliflərinə real baxmadığını dedi:
- 2019-30-cu illər üçün Məşğulluq Strategiyası təsdiqlənib. Göstərilir ki, 2030-cu ilədək ölkədə pensiyaçıların sayı 2 dəfə artacaq. Bu göstəricini də real saymıram. Fikrimcə, uzaqbaşı 50 faiz arta bilər. Amma pensiya yaşının azaldılması Pensiya Fonduna yığımlardan birbaşa asılıdır. Nə qədər çalışırlar, yığım artmır ki, artmır. Vergi sistemində yeniliklər edilir və sairə. Nəticə dəyişmir. Hazırda bizim ölkədə 1 iş yerinə 1 pensiyaçı düşür. Əslində isə 3 iş yerinə 1 pensiyaçı düşməlidir ki, həm pensiya yaşı aşağı salına bilsin, həm də pensiyaların məbləği artsın. Yəni 1 adam bir pensiyaçını saxlaya bilməz, amma 3 adam bir pensiyaçını yaxşı saxlayar. Azərbaycanda da pensiya sisteminin qabaqcıl dünya ölkələrindəki kimi olduğunu istəyiriksə, gərək Pensiya Fonduna pul yığılsın. Bizdə də bu, hələ ki, yoxdur. Hər şey Pensiya Fonduna nə qədər pulun yığılmasından asılıdır.
Pensiyalarla bağlı, ümumiyyətlə çox qarışıq bir sistem yaranıb. Deyirlər, 2006-cı ilədək olan iş stajları bir cür, 2006-dan sonrakı iş stajları başqa cür hesablanacaq. Şəxsi hesabda 16.800 pul yığılmalıdır, ya da 25 il sığorta stajı olmalıdır, onu da sonra bölürlər 12 ilə, nə çıxsa, onu təqaüdə hesablayırlar və sairə… Belə qəliz bir vəziyyətdir. Vətəndaşları doğru-düzgün başa salmaq da olmur ki, vaxtı çatanda nə qədər pensiya alacaqlar. Pensiya yaşının azaldılması ilə bağlı təkliflər səslənir, amma mən bunları real saymıram.
Məlahət Rzayeva