Kamran Əsədov: "Bizə bir kondisioner, televizor ustası lazımdır, biz onu 4 il gözləməli deyilik ki?!"
"Təəssüf ki, Azərbaycanda qəbul və oxumaq dedikdə insanların əksəriyyəti yalnız ali təhsil müəssisələrini, universitetləri nəzərdə tutur”.
Bunu Sherg.az-a peşə-ixtisas təhsili müəssisələrinin restoranlara çevrilməsindən danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Azərbaycanda 54 universitet var, amma peşə məktəblərinin sayı 107-dir:
"Bu da təhsil alanların sayında özünü göstərir. Bu gün ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 161 min nəfərdir. Amma peşə-ixtisas təhsili müəssisələrində tələbələr 31-32 min nəfərdir. Aradakı say fərqi olduqca böyükdür. İnsanların kütləvi şəkildə ali təhsilə meyllənməsinin əsas səbəbi odur ki, buna yiyələndikdən sonra hansısa yolla işlə təminatda müəyyən imkanlar var. Bu gün Azərbaycanda ali təhsillilərin sayı dünya statistikasından azdır. Yəni 10 milyon əhalinin cəmi 17 faizi ali təhsillidir. Hər 1000 nəfərdən yalnız 85-i isə peşə-ixtisas təhsili almış şəxslərdir. Bu həqiqətən də aşağı göstəricidir. Məsələn, Norveçdə 25 yaşdan yuxarı ölkə vətəndaşlarının hamısı ali təhsillidir. Fransa və Almaniyada bütün insanlar təhsillidir, amma onların 15 faizi ali təhsillidir. Yerdə qalanlar isə peşə, kollec təhsili ala şəxslərdir. Həmin ölkələrin peşə məktəbləri hətta bizim bütün ali təhsil müəssisələrimizdən yüksək təhsil səviyyəsinə malikdir.
İnsanların peşə-ixtisas təhsilinə meyl etməməyinin səbəbi ondan ibarətdir ki, bu gün fəaliyyət göstərən peşə-ixtisas təhsili müəssisələrindən demək olar ki, hamısının maddi-texniki bazaları, idarəçiliyi və dərslikləri 1970-80-ci illərdən qalıb. Müəyyən ixtisasları, maşınqayırma, avtomobil mühəndisliyi və s. olan təhsil müəssisələrində bir dənə də texnika yox idi. Amma 2016-cı ildən sonra bu sahədə ciddi işlər aparılmağa başladı. Prezident İlham Əliyevin 2016-cı il aprel ayında imzaladığı sərəncamla ilk peşə-ixtisas təhsili müəssisələrində onların yerləşdiyi ərazilərdə mövcud olan problemləri aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
K.Əsədovun sözlərinə görə, müəyyən ixtisaslar var ki, onlarda kadr hazırlığı həm peşə təhsili müəssisələrində, həm kolleclərdə, həm də ali təhsil müəssisələrində aparılır:
"Ona görə də insanlar ixtisas seçimi edən zaman aşağı pillədən deyil, yuxarı pillədən etməlidirlər. Müəyyən ixtisaslar üzrə hazırlığı isə yalnız peşə məktəblərində və kolleclərdə etməlidirlər. Yəni o sahələr ki, birbaşa istehsalatla bağlıdır, onu öyrənmək üçün hansısa elmi tədqiqat işinə, gələcəkdə müəyyən elmi məlumatlara ehtiyac yoxdursa, ali təhsil müəssisələrində bunu keçmək lazım deyil. Elektrik, gəmiqayırma, maşınqayırma mühəndisliyi kimi peşələr birbaşa istehsalatda öyrənilməlidir, dörd divar arasında deyil.
Həmin ixtisasları ali təhsil müəssisələrindən alıb, birbaşa peşə-ixtisas təhsili müəssisələrinə verməliyik və insanlara aşılamalıyıq ki, 4 ildən sonra hətta Tarix, Filologiya və s. kimi populyar ixtisasları seçsəniz, işlə təmin olunmanızda problem yaracaq. Amma peşə məktəblərində peşə öyrənsəniz, əmək bazarında özünüzə yer tapa bilərsiniz. Məsələn, bu gün qısamüddətlin fəaliyyət növləri var, bunları həyata keçirmək üçün xaricdən mütəxəssis gətirilir. Yaxud, otelçilik, mehmanxana işi və bu kimi başqa peşələrin ali təhsil müəssisəsində keçirilməsi lazım deyil. Onlar birbaşa istehsalat və əmək bazarı ilə bağlı sahələrdir. Bizə bir kondisioner, televizor ustası lazımdır, biz onu 4 il gözləməli deyilik ki?! Mənasız dərslər keçilir, universitetlərdə, sonunda isə onlar kadr olmur.
Bu gün isə bizim kifayət qədər nə ali təhsili, nə də orta təhsili olmayan ustalarımız, texniklərimiz var. Deməli onları ali təhsil müəssisələrində hazırlamağa ehtiyac yoxdur. Deməli bunları peşə-ixtisas təhsili müəssisələrinə vermək lazımdır”.
Aysel Aslan