Peşə məktəblərində oxuyanlara tələbə statusunun verilməsinə ETİRAZ: "...Düzgün deyil"
"Çünki o şəxs tam orta təhsilini başa vurmayıb və aldığı təhsil pilləsi tam orta deyil. Bu, tam orta təhsilini başa vurub orta ixtisas, ali təhsil pilləsinə qəbul olunmuş şəxslərə qarşı haqsızlıq ola bilər"
Yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur. Bu barədə ötənlərdə təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
Təşəbbüsü dəyərləndirən təhsil eksperti Kamran Əsədov "Sherg.az"a söyləyib ki, ilk növbədə peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil:
"Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar, görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar.
Təəssüflər olsun ki, bu, məktəbi bitirən gənclərə düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir.
Hal hazırda real vəziyyət odur ki, peşə təhsili sahəsi dövrün tələblərinə cavab vermir və dövlət onun inkişafı üçün işlər görür. Amma bu addımlar digər normativ haqlara ziddiyət təşkil etməməlidir".
Ekspert xatırladıb ki, qanunvericilik aktlarına görə tələbə —ali, orta ixtisas məktəblərində təhsil alan şəxsə deyilir və bu adın qazanılması üçün həmin şəxslər təhsilin hər hansı bir pilləsini başa vururlar və bir neçə mərhələli imtahan verirlər:
"Amma peşə təhsilinə qəbul olmaq üçün isə ayrıca bir imtahan həyata keçirilmir. Bundan başqa ümumi orta təhsil bazasından peşə təhsilinə qəbul olunmuş şəxsin tələbə adlandırılması düzgün olmazdı. Çünki o şəxs tam orta təhsilini başa vurmayıb və aldığı təhsil pilləsi tam orta deyil. Bu eyni zamanda tam orta təhsil bazasından peşə təhslinə qəbul olunmuş və ya tam orta təhsilini başa vurub orta ixtisas, ali təhsil pilləsinə qəbul olmuş şəxslərə qarşı haqsızlıq ola bilər. Çünki bu zaman onlar da tələbə üçün tətbiq edilən bütün imtiyazlardan istifadə etmək hüququna malik olacaqlar. Ümumiyyətlə, son 2 il ərzində peşə təhsili sahəsinə ciddi müsbət işlər həyata keçirilir.
Amma buna baxmayaraq iri şirkətlər, korporasiyalar peşə təhsilinin kadrlarından istifadədə maraqlı deyillər. Baxmayaraq ki, Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Hesab edirəm ki, son illərdə peşə təhsili səhəsində həyata keçirilən islahatlar nəticəsində bu sahə yenidən inkişaf edəcək və gənclərin peşə təhsilinə ciddi marağı yaranacaqdır".
Aydın Baxış
"Doing Business” hesabatında daha da irəli gedəcəyik" - Ekspert
Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib. Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir.
Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib. Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Hesabata mübasibət bildirən iqtisadçı -ekspert Pərviz Heydərov "Sherg.az”a söyləyib ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business – 2019” reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi qeyri-adi nəticədir:
""Doing Business 2018” hesabatında Azərbaycanın 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməşdi və bunu, mühüm hadisə olaraq dəyərləndirmişdim. Xatırladıram ki, keçən ilki hesabatda ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşmış, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləyib.
Sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır. Və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.
Düzdür, bu ilki hesabatda bir çox ölkələr üzrə müsbət rəy söylənilmiş və islahat aparan ölkələrin sayı çox göstərilmişdir. Qeyd olunub ki, Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələr üzrə işgüzar fəaliyyətlərin həyata keçirilmə imkanlarını yaxşılaşdırmaları üçün islahatları sürətləndiriblər.
Azərbaycan rekord sayda, 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstərici sayılır. Müqayisə üçün qeyd edim ki, Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Əvəzində isə əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib.
Hesabata əsasən, ölkəmizdə elektrik şəbəkəsinə qoşulma işləri daha asanlaşmış və ucuzlaşmışdır. Belə ki, müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə enib. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılıb.
Tikinti icazələrinin alınması asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib".
Ekspert xatırladıb ki, "Doing Business 2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutub:
"Bundan 1 il sonrakı hesabatda isə 65-ci pillədə qərarlaşıb. Yəni, 2 pillə geriləyib. Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik.
Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasətinə böyük miqyasda 2015-ci ildən başlanıldı. Bu siyasət əvvəl də mövcud idi, lakin sahibkarlar üçün daha geniş imkanların yaradılması, onların qarşısında mövcud olan hər cür məhdudiyyətlərin aradan qaldırılması və sair kimi addımlar məhz qeyd olunan ildən atılır.
Ümumiyyətlə, istər Dünya İqtisadi Forumunun, istərsə də "Doing Business” kimi beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək üçün biznes mühiti durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması, Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib.
Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün zəruri olan şəraiti inkişaf etdirməkdən ibarətdir. Bu sahədə nəticələr əldə olunduqca isə, "Doing Business” hesabatında daha da irəli gedəcəyik".
Ayyət Əhməd