Politoloq Rusiyanı ifşa etdi: "Deyirdilər ki, özünüz həll edin, amma indi.."




"Rəsmi Moskva da bilir ki, Azərbaycanın mövqeyi açıqdır. Yəni rəsmi Bakı beynəlxalq hüquq normalarına əsaslanır və burada heç bir müəmmalı məsələ yoxdur”.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərinin nəticələrindən danışarkən politoloq Fikrət Sadıqov deyib. 

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gündür müzakirə olunan "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil" iddiası Azərbaycanın mövqeyinə ziddir:

"Necə yəni, Azərbaycanın daxili işi deyil? Vaxtaşırı Rusiya deyir ki, oturun Ermənistanla danışıqlara və bir nəticəyə gəlin. Özünüz həll edin, nəticə nə olsa, onu tanıyacağıq. Danışıqlara çağıranda hesab edirlər ki, bu bizim daxili işimizdir. Digər tərəfdən müxtəlif bəyanatlarda belə ifadə işlədirlər ki, Azərbaycanın daxili məsələsi deyil. Başa düşmürəm ki, bəs kimin məsələsidir? S. Lavrovun bu bəyanatına dövlət başçısı və xarici işlər naziri artıq cavab verib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməyəcək. Buna heç vaxt imkan vermərik. Status-kvo dəyişilməlidir və biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik, edəcəyik. Xarici işlər naziri E. Məmmədyarov da bununla bağlı bəyanatında S. Lavrovun adını çəkməsə belə Azərbaycanın bu məsələdə mövqeyini ifadə edib. Əminəm ki, nazir Moskvada olarkən ərazi bütövlüyümüzün bərpa olması zərurətini yenidən bəyan edib. Hər halda Moskvada Azərbaycanı eşitmiş olarlar. Çünki torpaqlarımızı azad etməyə həmişə hazırıq. Bunu dəfələrlə bəyan etməklə yanaşı aprel hadisələrində də sübut da etmişik”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşüb. E. Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu deyib.
Ayyət