Bunu Paşinyanla bərabər hər kəs anladı
Ermənistanda son aylar cərəyan edən gərgin proseslər çürüməkdə olan siyasi sistemin tam deformasiyası ilə nəticələndi. Bununla da İrəvanın xarici siyasətinin manevrlərə deyil, manipulyasiyaya söykənən mahiyyəti tamamilə ifşa olundu. Baş nazir Nikol Paşinyanın cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət komandasının üzvləri özündən əvvəlkilərdən, sadəcə, maskalanmış açıqlamaları və davranışları ilə fərqləndiklərini ortaya qoydular. Ermənistan parlamenti ilə hökumət arasında baş verən ziddiyyətlər həm parlamentin, həm də hökumətin oyuncaq, ekstremal vəziyyətlərə hazırlıqsız olduğunu nümayiş etdirdi.
Ötən gün Prezident İlham Əliyev də Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Ermənistandakı yeni rejimin siyasətinə toxundu. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalı, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: "İmkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik. Beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də”. Prezident bəyan edib ki, bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır: "Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq. Hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir”. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək: "Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”.
Prezidentin vurğuladığı məsələ ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Anar İmanov deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı Ermənistana ciddi mesajdır. Bunu Paşinyanla bərabər hər kəs anladı. Analitik bəyan edib ki, Ermənistan sülh danışıqları ilə Dağlıq Qarabağ probleminin həllinə hazır deyil. Görünən odur ki, heç vaxt hazır olmayacaq:
"Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan üçün hərbi yolla öz torpaqlarını geri almaq problem deyil. İndiki Ermənistan hakimiyyəti, xüsusən Paşinyanın hərəkətləri Dağlıq Qarabağda anti-terrorçuluq əməliyyatının keçirilməsini sürətlə yaxınlaşdırır. Paşinyan başqa ölkələrin diktəsi ilə çalışır ki, öz hakimiyyətini daha da güclü etsin. Hələ ki, Ermənistanın havadarları onları dəstəkləyir və Paşinyan nədənsə əmindir ki, bu vəziyyət sonsuza qədər davam edəcək. Ümid bəsləmək istərdim ki, Paşinyan və onun himayəçiləri xəbərdarlıqlardan düzgün nəticə çıxaracaqlar. Ancaq buna əmin deyiləm. Əksinə, düşünürəm ki, Paşinyan hazırkı durumu qoruyub saxlamaq üçün əlindən gələni edəcək”.
Ekspertin sözlərinə görə, Paşinyan güclü siyasətçi təsiri bağışlamır, çünki gəldiyi gündən onun siyasəti və tabeçiliyində olan yeni komandanın davranışları bütün qonşulara qarşıdır:
"Paşinyanın qeyri-müəyyən siyasəti, danışıqlardan boyun qaçırması, sərsəm açıqlamaları və digər fəaliyyəti, sadəcə müharibəni yaxınlaşdırır. Belə bir deyim var – "əgər sülhü istəyirsənsə, müharibəyə hazır ol”. Görünən odur ki, ağalarının sözünə qarşı çıxmayan Paşinyanın bu deyimdən xəbəri yoxdur”.
İsmayıl