Proses ölkə boyu dinc və maneəsiz keçib

Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat yayıblar



Avropa Seçkilərin Müşahidəsi Akademiyasının Müşahidə Missiyasının rəhbəri, Malta Parlamentinin spikeri Anqlu Farruqa qurum adından bəyanat yayıb. Bəyanatda bildirilib ki, 12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert referendumu müşahidə edib: "Bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilib.

Mərkəzi Seçki Komissiyası diqqətə çatdırıb ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərdə bölmələr ayrılıb. Vurğulanıb ki, referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılıb. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə, adlarını siyahıya əlavə etdirib və səs veriblər”. Bəyanatda qeyd olunub ki, beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayıblar: "Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb. ASMA müşahidəçiləri Referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıb. Referendum günü ölkə boyu dinc keçib, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilmədi. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparıldı”.

"Səsvermə prosesi beynəlxalq standartlara müvafiq keçib”

Qurumun bəyanatında vurğulanıb ki, Mərkəzi Seçki Komissiyasının səsvermə məntəqələrinin 20 faizində quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradırdı: "Ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparıldı. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınıb. Lakin səsverməyə təsir etməyib. Bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilib. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi. Referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəkləndi. Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirib, lakin Prezident mandatını gücləndirən təklifləri tənqid edib. Biz, xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilib”.

ASMA Azərbaycanla bağlı dünyaya çağırış edib

Beynəlxalq müşahidəçilər Azərbaycanı sabit və demokratik institutlar yaratmağa davam etməyə çağırıb. Həmçinin, Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət ediblər. Bununla yanaşı, ölkəni ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndiriblər. O cümlədən, bütün beynəlxalq təşkilatları Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırıblar. Bəyanat ASMA missiyasının bütün iştirakçıları tərəfindən "Hyatt Park” otelinin konfrans zalında təsdiqlənib.

"Azərbaycan vətəndaşı hər düzəliş üzrə öz səsini verə bildi”

Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyəti də referendumla bağlı bəyanat veriblər. Bəyanatda qeyd olunub ki, nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırkı və keçmiş üzvlərindən ibarətdir: "Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşüb. Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim edib. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırkı Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılıb. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi. İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq. Çünki Azərbaycan vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi. Bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu”.

"Prosedurlar beynəlxalq normalara uyğun idi”

Partiyanın nümayəndə heyəti səsvermə məntəqələrinin açılış və bağlanış proseslərini izləyib: "Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi. Seçicilərə müvafiq kömək göstərilirdi. Böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı. Eyni zamanda hərbçilər, yaxud polis işçilərinin olmadığı qeydə alındı. Səsvermə bağlandıqdan sonra nümayəndə heyətimizin bəzi üzvləri səslərin sayılmasını izlədi. Nəticə etibarilə, nümayəndə heyətimiz hesab edir ki, referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi. Şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edəcək”.

İsmayıl