"Psixoloqlar uşaqlarla yetərincə işləmirlər"





"18 yaşı tamam olduqda, internat məktəblərindən çıxan uşaqların evlə təmin edilməsi mümkündür”.

Bunu Sherg.az-a "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Prosesi izah edən M.Zeynalovanın sözlərinə görə, həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli və lazımı yerlərdə qeydiyyatdan keçməlidirlər:

"Bir nəfər xanım bununla bağlı bizə müraciət etmişdi. Köməyimiz nəticəsində həmin şəxs bitirdiyi internat məktəbində qeydiyyatdan keçdi və artıq ev növbəsini gözləyir. İnternat məktəblərini bitirən gənclər də bu üsulla müraciət edib, yardım ala bilərlər”.

Ümumilikdə internat məktəblərindəki vəziyyətə də toxunan birlik sədri diqqətə çatdırıb ki, internatlarda psixoloqlar uşaqlarla lazımı ünsiyyət yarada bilmirlər:

"Cəmiyyətə inteqrasiya məsələsində uşaqların gələcəyə hazırlanması daha önəmlidir. Amma psixoloqlar uşaqlarla yetərincə işləmirlər. Yəni özgüvəni artırmaq, cəmiyyətdə yerini tutmaq kimi məsələlərdə problemlər var. Bu da sonradan internat məktəblərini bitirən uşaqların çətinliklərlə üzləşməsinə, psixoloji hazırlıqsızlıq yaşamasına gətirib çıxarır”,