"...Putin anti-Paşinyan qüvvələri bir araya yığıb yeni erməni iqtidarına yerini göstərəcək” – Aktual

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Paşinyan Putinlə apardığı danışıqların detallarına "Facebook”dakı canlı yayımda aydınlıq gətirib. Baş nazir bildirib ki, budəfəki görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilməyib: "Ermənistan-Rusiya münasibətlərinin gündəliyi o qədər genişdir ki, biz bütün məsələləri müzakirə etməyə imkan tapmadıq”. O, həmçinin bildirib ki, Rusiya təbii qazının daha ucuz qiymətə Ermənistana satışı barədə Putinlə razılıq əldə edə bilməyiblər: "Bu məsələ ilə bağlı qərar qəbul edilmədi. Qaz faktoru ikitrəfli münasibətlərimiz üçün olduqca həssas məsələdir və İrəvanla Moskva da bunun fərqindədir”.
Məlumata görə, Rusiya Prezidenti ilə danışıqlarda Paşinyan daha çox diqqəti iqtisadi və parlamentlərarası əlaqələrin inkişafına yönəldərək KTMT baş katibi postu ətrafında yaratdığı problemdən yayınmağa çalışsa da, Putin İrəvanla təhlükəsizlik sahəsində, xüsusən də KTMT çərçivəsində əməkdaşlığın və münasibətlərin zərər görməsinin qəbuledilməz olduğunu ifadə edib. Paşinyanın öz etiraflarından da görünür ki, erməni mətbuatının şişirtdiyi kimi Putin-Paşinyan görüşü demək olar ki, nəticəsiz olub. Yəni baş nazir Kremldən umduğunu ala bilməyib. Bundan başqa Putin Ermənistanın eks-prezidenti Robert Koçaryana təbrik məktubu göndərib. Məktubda Putin Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
Səfəri şərh edən politoloq Əhəd Məmmədli "Sherg.az”a söyləyib ki, bu cür görüşlərdə tərəflər həmişə bir -birləri haqqında yüksək fikirlər səsləndirirlər. Protokol qaydasına uyğun sözlərdir:
"Bu görüşdən yayılan xəbərlərə görə Putin Köçəryanın buraxılması üçün müxtəlif səbəblər göstərib sonda da "Köçəryan mənim dostumdur" deyib. Paşinyan isə cavabında "Təəssüf edirəm ki, sizin belə dostlarınız var" söyləyib. 
Əgər bu xəbər doğrudursa, Köçəryan məsələsində Paşinyan Putinə rədd cavabı verib. Hətta dolayısı ilə bu dostluğa görə, Putini ittiham edib. Paşinyan üçün kifayət qədər cəsarətli bir cavabdır. Bu gərginlik davam edənə qədər Putin, Köçəryan və Paşinyanla digər məsələləri həll etmək çətin olacaq. Putinin Köçəryanı təbrik etməsi ona "narahat olma biz səni unutmamışıq" mesajını verməsi anlamına gəlir.
Bununla Putin, Köçəryan və "Qarabağ klanı”na deyir ki, mən sizin yanınızdayam, səbirli olun yaxşı günlər yenə qabağdadır. Köçəryan və "Qarabağ klanı” üçün yaxşı günlər o deməkdir ki, qısa müddət ərzində Paşinyan etimadları doğrultmasa, xalq onun arxasından çəkiləcək. Bu olan halda isə Putin bütün anti-Paşinyan qüvvələri yığıb yeni erməni iqtidarına yerini göstərəcək”.
Ayyət Əhməd