Putin eqosunu göstərmək istəyirdi

Rusiya prezidenti müdafiə nazirlərinə təlimatlar da verə bilər



Rusiya prezidenti Vladimir Putin Kreml Dövlət Sarayında bir neçə ölkənin müdafiə naziri ilə görüşüb.
Tədbirdə Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın Müdafiə nazirliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycanı müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edib. Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərindən danışıb. İlkin açıqlamalara görə, görüşdə ümumi təhlükəsizlik məsələləri müzakirə olunub. Lakin bəzi ekspertlərə görə, Rusiya rəhbəri seçki öncəsi bölgə ölkələrinin müdafiə nazirlərinə müəyyən "tövsiyyələr” verib.

Məsələni "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, tədbirdə iştirak edən ölkələr həmişə Rusiyanın maraqları dairəsində olub: 

"Seçkiqabağı Rusiya rəhbəri həm Qərb dünyasına, həm regiona, həm də daxili auditoriyaya güc nümayiş etdirir. Azərbaycanın görüşdə iştirak etməsi isə preventiv addımdır. Onsuz da bu cür görüşlər çox şey həll etmir. Sadəcə, Putinin eqosunu əks etdirən bir görüş idi. Şübhəsiz ki, Putin hansısa təlimatlar verə bilər. Təlimatları qəbul edən ölkələr birbaşa Rusiyanın prorektoratı olduğunu göstərəcəklər. İnanırıq ki, Azərbaycan Rusiyadan hansısa təlimat almayacaq”.

İsmayıl