Köhnə rejimin tərəfdarları da vəziyyətdən istifadə edərək cəbhə xəttində təxribatlara əl atır
Xəbər verdiyimiz kimi, dekabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qəbiristanlıqda mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. Bakıdan rayona şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub. Ancaq təxribatın indiki məqamda baş verməsini siyasi məqsədlərlə bağlayanlar da var. Onların fikrincə, Paşinyanla "Qarabağ klanı” arasında gedən mübarizə Qarabağdakı separatçıların təxribat törətməsi ilə nəticələnib. Məqsəd diqqəti başqa istiqamətə yönəltmək və yeni hökumətə zərbə vurmaqdır.
Ermənilər tərəfindən törədilən təxribatı "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Paşinyanla "Qarabağ klanı”, konkret Dağlıq Qarabağdakı separatçıların "rəhbəri” Bako Saakyan arasında ciddi mübarizə gedir:
"Moskva səfərinə qədər tərəflər arasında qarşıdurma pik həddə çatmışdı. Görünür, Putin həm Robert Koçaryanla, həm də Saakyanla bağlı Paşinyana qulaqburması verib. Kreml rəhbərinin həbsdə olan Koçaryanı yeni il bayramı münasibəti ilə təbrik etməsi də bunu göstərir. Halbuki, Rusiya Prezidenti Paşinyanı seçki münasibəti ilə təbrik etməmişdi. Bütün bunlar onu göstərir ki, Putin Paşinyanı küncə sıxmağa davam edir. Köhnə rejimin tərəfdarları da vəziyyətdən istifadə edərək cəbhə xəttində təxribatlara əl atır və yeni hökumətin durumunu daha da gərginləşdirmək istəyirlər. Yəni separatçılar əvvəlki rejimin təlimatı ilə Paşinyanın işini çətinləşdirməyi düşünürlər. Məhz bu məqsədlə Ağdam istiqamətində mülki şəxslərimiz atəşə tutulub”.
İsmayıl