Putinin Abxaziyaya səfəri meydan oxumaqdır

Bütün dünyaya mesaj verilir ki, Moskva geri addım atmaq fikrində deyil


Rusiya Prezidenti Vladimir Putinin avqustun 8-də Abxaziyaya səfər etməsi və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşməsi Qərb dünyasında ciddi narazılığa səbəb olub. Putin səfər zamanı açıq şəkildə bəyan edib ki, Moskva bundan sonra da qondarma "respublika”nın təhlükəsizliyinin və müstəqilliyinin təminatçısıdır. Kreml rəhbəri söyləyib ki, rəsmi Moskva Abxaziya ilə xüsusi münasibətlərə sahibdir.

ABŞ-ın vitse-prezidenti Mike Pencenin Gürcüstana səfərindən bir həftə sonra Putinin Abxaziyaya getməsi xüsusi diqqət çəkir. Ekspertlərə görə, Kreml bununla yaxın qonşularına təzyiq etmək, həmçinin Qərbin Şərqə doğru yaxınlaşma siyasətini önləməyə çalışır. Eyni zamanda iqtisadi sanksiyalara cavab olaraq hazırkı kursunu daha da aqressivləşdirir. Siyasi ekspertlərin öncədən verdikləri proqnozlar ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar fonunda Rusiyanın MDB məkanında daha sərt siyasət aparacağı yöndə idi. Hazırda yaşanan proseslər iddiaları təsdiqləməkdədir. 

Əksər siyasilər Putinin Abxaziyaya qanunsuz səfəri ölkələrin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirlər. Onların fikrincə, səfərin Gürcüstan-Rusiya müharibəsinin ildönümünə təsadüf etməsi Qərbə meydan oxumaq məqsədi daşıyır. Şübhə yoxdur ki, Gürcüstanın avro-inteqrasiya kursu Kremli ciddi narahat etməkdə idi. Məlumdur ki, Gürcüstanda NATO-nun hərbi təlimləri keçirilir. 

Rusiya məhz, bu səbəbdən Gürcüstana qarşı siyasi-hərbi təzyiqləri artırır və adekvat cavablar verməyə cəhd göstərir. ABŞ rəsmiləri hesab edir ki, Moskvanın təxribatçı addımları, digər separatçı qurumlara presendent ola bilər. Dövlət Departamentinin sözçüsü Hezer Nauert Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb. O deyib ki, Vaşinqton Putinin işğal olunmuş Gürcüstan ərazisinə səfərini qəbuledilməz və beynəlxalq prinsiplərə zidd sayır. Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili də Putinin beynəlxalq səviyyədə tanınmayan Abxaziyaya səfər etməsini qınayıblar.

Millət vəkili Asim Mollazadə "Şərq”ə açıqlamasında deyib ki, Putinin Abxaziya səfərinin mahiyyəti odur ki, Rusiya öz siyasətində köklü dəyişiklik etmək niyyətində deyil: 

"Ukraynada, Gürcüstanda, Moldovada və Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir heç bir irəliləyiş yoxdur. Putinin Abxaziya səfəri keçmiş postsovet ölkələrində yaradılmış münaqişə ocaqlarının arxasında kimin durduğunu aydın şəkildə göstərir. Bütün dünyaya mesaj verilir ki, Moskva geri addım atmaq fikrində deyil, əksinə bundan sonra münasibətlər daha da gərginləşəcək və təcavüzkar siyasət artacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Putin Abxaziya separatçıları ilə görüşü və onlara maliyyə dəstəyi vəd etməsi ikiqat təxribat deməkdir: 

"Birincisi, Abxaziyaya səfər edən Putin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bir daha təsdiqləmiş oldu. Separatçı bölgəyə getmək istənilən sərt açıqlamanı əvəz edir. Xatırladım ki, Putin Ukraynadan qopartdığı Krımda da olub. Təkcə Moldovanın separatçı bölgəsi - Dnestrə getməyib. Ancaq böyük ehtimalla bir gün qərbpəsərt hökumətə malik Moldovanı qıcıqlandırmaq üçün ora da səfər edəcək. Şübhə etmirəm ki, erməni separatçılarının ən böyük arzusu bir gün İrəvana gələn Putini bir neçə saatlıq da olsa Dağlıq Qarabağa aparmaqdır...”.

İsmayıl