Putinin mesajını Jirinovski Türkiyəyə çatdırır

Elxan Şahinoğlu: “Reallıq odur ki, Ankaranın özü tədricən Qərbdən uzaqlaşmağa və Rusiya ilə yaxınlaşmağa başlayıb”
Qabil Hüseynli: “Türkiyənin gələcəyi də, inkişafı da Qərblə bağlıdır”



Türkiyəyə səfər edən Rusiya Dumasının deputatı, RLDP sədri Vladimir Jirinovski geniş müzakirələrə yol açan bəyanatlar verib. Jirinovski Prezident Ərdoğanla təkbətək görüşdüyünü və tarixi bir dövrün başlandığını söyləyib.

Partiya sədri bildirib ki, Türkiyə Moskvaya, Rusiya isə Ankaraya tərəf yönələ bilər: "İnanıram ki, Türkiyə bir gün NATO-dan ayrılacaq və bizimlə hərbi ittifaq quracaq. Qarşıdakı 10 ildə Türkiyə bizim ən güclü müttəfiqimiz olacaq. Türklər bizi çox sevirlər və Rusiya ilə yaxınlığı özləri istəyirlər. Qaranlıq illər artıq geridə qalmalıdır”. RLDP sədrinin açıqlamasını "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Jirinovskinin Türkiyə səfəri Rusiya baxımından çox uğurlu dönəmə təsadüf edib: "Avropa Parlamentinin məlum qərarı Rusiya rəsmilərinin Türkiyə səfərini aktual edir. Düzdür, Jirinovskinin dediklərinə münasibət brimənalı deyil, hətta onu "siyasi təlxək” belə adlandıranlar var. Eyni zamanda bu adam uzun müddət türk dünyasına qarşı tənqidi fikirlər səsləndirib. Amma son zamanlar Jirinovski Türkiyəni, Ərdoğanı davamlı olaraq tərifləməyə başlayıb. Şəxsən mən hesab edirəm ki, Türkiyə və Azərbaycanla bağlı onun dediyi fikirlərə ciddi yanaşmaq lazımdır. Hər halda partiya sədrinin Rusiya siyasətində, cəmiyyətində kifayət qədər nüfuzu var”. E.Şahinoğlunun fikrincə, Jirinovski Putinin etik baxımdan deyə bilmədiklərini səsləndirir: "Mümkündür ki, Jirinovski təkcə özünün deyil, eyni zamanda Kremlin mesajlarını Türkiyəyə çatdırsın. Nəzərə almaq lazımdır ki, Putin Ərdoğanla görüşündə "siz NATO-dan çıxın, birlikdə hərbi birlik yaradaq” kimi ifadələr işlədə bilməz. Lakin Jirinovski kimi hər düşündüyünü deyən bir siyasətçinin dili ilə bunu asanlıqla etmək olar. Rusiyalı deputat təklif etdi ki, bölgədə İran, İraq, Suriya, Türkiyə birliyi yaradılsın. Avropadan, ümumiyyətlə Qərbdən üz döndərilsin və s. Təbii ki, Jirinovskinin dediklərinin hamısı diqqətə alınmayacaq. Ancaq reallıq odur ki, Ankaranın özü tədricən Qərbdən uzaqlaşmağa və Rusiya ilə yaxınlaşmağa başlayıb. Rusiya Ankaranın nəbzini yaxşı tutub. Bu mənada Türkiyənin xarici siyasətində müəyyən korrektələr mümkündür. Amma Türkiyə NATO-dan çıxası deyil. Bu, inandırıcı görünmür. Ola bilər ki, Türkiyədə referendum keçirilsin və ölkə əhalisi Avropa İttifaqına üzv olmaq məsələsindən tamamilə imtina etsin”.

Politoloq Qabil Hüseynli də bəyan edib ki, Jirinovskinin arzusu gerçəkləşməyəcək: "Türkiyənin NATO-dan çıxması ehtimalı yoxdur. Belə bir qərarı Prezident yox, xalq verməlidir. Xalq isə buna razı olmaz. Türkiyə NATO çərçivəsində böyük yol keçib, böyük uğurlar qazanıb, ordu tamamilə NATO silahları ilə silahlanıb. ABŞ-ın "F16” qırıcı təyyarələri bu gün Türkiyədə istehsal olunur. Bu baxımdan Türkiyə hökuməti optimal variantı seçməlidir. Rusiya ilə yaxınlaşmanı müəyyən həddə qədər aparmalı, Avropa dövlətləri ilə polemikaya girməməli, münasibətləri tamamilə korlayacaq dərəcəyə çatdırmamalıdır. Türkiyənin gələcəyi də, inkişafı da Qərblə bağlıdır”.

İsmayıl