Qapıları açıb buraxmaq olmaz

Həbsxanadan çıxan yenə cinayətkar olur
Azadlığa qovuşan məhbusların adaptasiyası problem olaraq qalır


Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.
Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib. O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kişi ardınca qızı Q.S-nı da döyüb.

Yaralılardan S.Qurbanovun vəziyyəti nisbətən ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır. Hadisəni törədən X.Qurbanov əvvəllər məhkumluq həyatı yaşayıb. 

O, bir neçə gün öncə həbsxanadan azad olub.
Baş verən bu hadisə cəzaçəkmə müəssisələrindən azad olan insanların cəmiyyətə adaptasiyası sahəsində çox ciddi problemlərin olduğunu və məsələnin illərdir öz aktuallığını qoruduğunu göstərir. Mütəxəssislərin fikrincə, aidiyyəti qurumlar sözügedən şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində real addımlar atmalıdır. Əks halda məhbəsdən çıxan insanların sonrakı taleyinin qaranlıq qalması cəmiyyətdə müəyyən sosial fəsadlara yol açır. Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşən insanlar barəsində az eşitməmişik. Ortaya belə bir mənzərə çıxır.
Hələ ki, ölkədə məhkumların sosial adaptasiyası yoxdur. Əks halda dünən həbsxanadan çıxan ata bu gün övladlarını qanına qəltan eləməzdi.

Bir məsələni də qeyd edim ki, bu günlərdə metrostansiyaların birində yenicə əfv olunduğunu iddia edən bir kişi əl açıb, pul dilənirdi. Həbsxanadan çıxdıqdan sonra Gəncəyə getmək üçün pul tapa bilməyən şəxs dilənməkdən başqa yolunun qalmadığını deyirdi. O hətta inanmayanlara əfv olunduğunu təsdiqləyən sənədi də göstərirdi ki, kiminsə yazığı gəlib pul versin.

Sosioloq Əhməd Qəşəmoğlu:

- Penitensiar Xidmətdə çalışan insanlarla ünsiyyətim olduğu üçün həbsxanalardakı durum barədə bir xeyli məlumatlıyam. Bu sahədə xüsusi xidmət təşkil olunmalıdır. 10 ildir bu barədə danışıram, yazıram, təkliflər irəli sürürəm. Hamısı da qulaqardına vurulur. Biz azadlığa çıxan məhbusların bir kalona salınıb, bir ay sosial adaptasiya keçməsi mexanizminin formalaşmasını gözləməməliyik. Məhbuslar həbsxanada olduğu illərdə onları tədricən cəmiyyətə hazırlamalıyıq.

Sosioloq hesab edir ki, bu istiqamətdə əsas yük Penitensiar Xidmətin üzərinə düşür və qurum bu sahəyə diqqət ayırmalıdır: "Düzdür, son vaxtlar cəzaçəkmə müəssisələrində məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür, müasir, beynəlxalq standartlara uyğunlaşdırılıb. Amma məsələnin həssas tərəfi diqqətdən yayınıb. Azadlıqdan məhrum olunan şəxslər islah olmaq əvəzinə daha da kriminallaşırlar. Bu isə onların düşdüyü mühitlə bağlıdır.

Penitensiar Xidmət məhkumlara qarşı differensial yanaşma ortaya qoymalıdır. Psixoloqlar məhbuslarla daimi ünsiyyətdə olub, onların psixoloji durumunu nəzarətdə saxlamalı və hər bir məhbusa qeydiyyat kitabçası açıb, qeydlərini götürməlidir. Ciddi psixoloji pozuntuları aşkarlanan məhbuslar isə psixiatr müayinəsinə yönləndirilməlidir. Axı məhbuslar da bu ölkənin vətəndaşlarıdır. Biz onların üzərindən birdəfəlik xətt çəkib, taleyin ümidinə buraxa bilmərik”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, məhbusları azadlığa çıxandan sonra sosial adaptasiyası daha çətindir, nəinki onlar həbsxanada, göz qabağında olarkən: "Mən ona görə, islah ifadəsini işlətmirəm ki, bizim Penitensiar Xidmət əməkdaşları "islah”la "işgəncə” ni bir-birindən ayırmırlar. İslah etmək onlar üçün döyə-döyə qadağan etməkdir. Halbuki biz məhbuslara qarşı da humanizm mexanizmini işə salmalıyıq ki, müsbət nəticələrə nail ola bilək. Qadağalarla, işgəncələrlə məhbusları islah etmək inandırıcı deyil”.


Sosioloq deyib ki, Əfv Komissiyasının üzvləri müraciətləri dəyərləndirən zaman məhbusların cəmiyyətə nə dərəcədə hazır olduğunu da dəyərləndirməlidir:

 "Bir problem də odur ki, Əfv Sərəncamı imzalanan günün səhəri qapıları açıb məhbusları azadlığa buraxırlar. Bu düzgün deyil. Əfv olunan məhbusların adı məlum olandan bir həftə, on gün ərzində onların sosial adaptasiyası ilə məşğul olunmalıdır. Əgər o insanın həbs olunma səbəbi ailə üzvləri, qohum-qonşuları ilə arasındakı ədavətdirsə, sahə müvəkkilləri bir müddət onları nəzarətdə saxlamalıdır. Sözügedən şəxs qızını, oğlunu xəstəxanalıq edib, başqa birini öldürə bilər”.

Ə.Qəşəmoğlu hesab edir ki, azadlığa qovuşan məhbusun evinə getmək üçün pul dillənməsi məsələsi də Penitensiar Xidmət sahəsindəki boşluqlarla birbaşa bağlıdır: 

"Bayaq, elə-belə demədim ki, Əfv Sərəncamı imzalanan günün səhəri məhbusların azadlığa buraxılmasını doğru hesab etmirəm. Bu halda kriminal faktorlarla bağlı, maddi məsələlər də aktuallaşır. 5-10 gün ərzində həmin məhbusun gedəcəyi yerin olub-olmaması, ailəsinin ona pul göndərəcək durumda olub - olmaması öyrənilməlidir. Bəlkə hansısa məhbus həbsxanada olduğu müddətdə ailəsindən kimsə, yaxın adamı rəhmətə gedib və həmin günə qədər ondan gizlədiblər. Belə hallarda məhbus azadlığa çıxmamışdan əvvəl, bir-iki gün psixoloqların iştirakı ilə konsultasiya aparılmalı və o, bu itkiyə alışmalıdır ki, hadisəni qəfil öyrənməsin. Əfv olunan məhbus Gəncəyə getmək üçün 10 manat tapa bilmir, təsəvvür edin ki, bu adam Naxçıvana da getməli ola bilərdi. Bəs onda təyyarə pulunu necə yığacaqdı? Hesab edirəm ki, həm maddi, həm də mənəvi cəhətdən əfv olunan məhbusların cəmiyyətə adaptasiyası üçün Penitensiar Xidmət müəyyən addımlar atmalıdır”.

Şəymən