Qəddar “savaşçılar”...

Beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur
“Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və real nəticə əldə olunması üçün ölkənin elmli, ziyalı potensialı cəlb olunmalıdır”


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayının min nəfərdən çox olduğunu deyib. Onun sözlərinə görə, bu göstərici reklam nəticəsində baş verib. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi.

Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır.

Bəs, onda azərbaycanlıların Suriyaya gedərək qanunsuz silahlı qruplaşmaların tərkibinə qoşulmasının qarşısını necə almaq olar?

Bu barədə fikirlərini "Şərq”lə bölüşən politoloq Azər Rəşidoğlu hesab edir ki, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleks tədbirlər həyata keçirməlidir: 

"Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və real nəticə əldə olunması üçün ölkənin elmli, ziyalı potensialı cəlb olunmalıdır. Məsələyə kompleks yanaşmaq lazım gəlir. Dini müstəvidə radikallığın qarşısını almaqdan ötrü dövlət maarifçiliyə geniş yer verməlidir. Adətən dünyəvi dövlət - din müstəvisində yaranan problemlərin kökündə dini maarifçiliyin aşağı səviyyədə olması durur. Azərbaycan tolerant ölkədir. Dünyada islamofobiyanın vüsət aldığı bir zamanda Azərbaycanda ateist-dindar qarşıdurması olduqca zəif təsir bağışlayır ki, bu da insanımızın tolerantlığının göstəricisidir. Bu proseslər dövlət - din qarşıdurması kimi təqdim oluna bilməz. Bu, bir marginal prosesin tərkib hissəsidir. Digər tərəfdən, ölkənin orta-statistik insanı eyni düşüncə tərzinə malikdir. Mütləq əksəriyyət hesab edir ki, işğal edilmiş torpaqlarımız azad olunduqdan, demokratik vətəndaş cəmiyyətinin qurulması prosesi başa çatdıqdan sonra, dini və milli maraqlar yalnız dövlət maraqları ilə uzlaşdırılacaq.
Yetər ki, vətəndaşımız öz dini həyatını istədiyi kimi yaşaya bilsin - heç kəsin şəxsi həyatına müdaxilə etməməklə özünü toplumun normal üzvü saysın. Heç kəs, o cümlədən dünyəvi həyat tərzi keçirənlər ona "ikinci növ” insan kimi yanaşmasın. Ölkədə yeni, azad düşüncəli, sırf ölkənin gələcəyini düşünən sosial qrupların formalaşdırılması zərurəti yaranıb. Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək elə bu məqsədə xidmət edir”.

Lakin fərqli düşüncənin heç də həmişə demokratiyanın inkişafına səbəb olmadığını bildirən A.Rəşidoğlu deyib ki, bu gün dünyanı vahimə altında saxlayan terrorçuların bu dərəcədə maraq doğurması, yalnız onun qəddarlığı və terrora meylli olması ilə bağlı deyil:

 "Normal Avropa cəmiyyətində tərbiyə alan, formalaşan insanların, məsələn, İŞİD-ə qoşulmasının səbəbi heç də yalnız natamamlıq kompleksindən əziyyət çəkən genetik müsəlmanların revanş arzusu ilə bağlı deyil. Bu terrorçu təşkilata qoşulanlar arasında genetik xristian olanlar da var. Deməli, söhbət qisasdan deyil, bezdirici eyniliyə alternativ təklif axtarışından gedir.

Təqdim olunan şəriət dövləti ideyası ona mənfi və ya müsbət münasibətimizdən asılı olmayaraq alternativ paradiqmadır. Bu paradiqmanın daşıyıcıları isə qəddar "savaşçı”lardır. Söhbət tək "savaşçı”dan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatçılıq doğurur. Zombiləşmiş, az qala hamını inkar edən dini qrupların məqsədləri heç də vətəni azad etmək deyil.

Bu gün Yaxın Şərqdə vuruşan radikal, təkfirçi qrupların təsirində olan gənclər, oralarda təcrübə yığdıqdan sonra Azərbaycana dönə bilərlər. Vətənə döndükdən sonra onların hamısını nəzarətdə saxlamaq mümkün olacaqmı? Tarixi təcrübə göstərir ki, belə qurumlar, adətən, Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar. İstənilən halda, bu məsələ yalnız həbslərlə məhdudlaşa bilməz. Ziyalıar və vətəndaş cəmiyyətinə böyük yük düşür...”

Şəymən