"Qərəzli hakimlərə qarşı sanksiyalar gücləndirilməlidir"

Əliməmməd Nuriyev: "Hazırda hakimlər tərəfindən çıxarılan qərarlar cəmiyyətdə də birmənalı qarşılanmır"


"Ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir”.

Bunu Sherg.az-a qərəzli qərar verən hakimlərin cərimələrinin artırılmasına münasibət bildirərkən hüquqşünas Əliməmməd Nuriyev deyib. 

O bildirib ki, hakimlərin seçilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş proseduraların müəyyən edilməsi müxtəlif mərhələlər müəyyən olunur:

"Digər tərəfdən hakimlərin sayının artırılması üçün bəzi addımlar atılır. Bu gün icraatda olan işlərin sayı minlərlədir. Hər bir hakim il ərzində ortalama minə yaxın işə baxır. Buna görə, zaman məsələsi də, işin keyfiyyəti də vacib haldır. Hakimlər tərəfindən bu işlərin həyata keçirilməsi böyük vaxt tələb edir. Hakimlərin sayının artması onların əmək qabiliyyətinin və işinin keyfiyyətinin artmasına səbəb olacaq.

Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qərarlar qəbul edilib. Hakimlərin bu gün əmək haqqı xeyli artıb. Bu da hesab edirəm ki. bütövlükdə məhkəmə qərarlarının daha ədalətli olmasına gətirib çıxaran amillərdəndir. Bu addımlar korrupsiya sövdələşmələrinin qarşısının alınmasında da mühüm elementlərdən biri kimi sayılır”.

Ə.Nuriyev bildirib ki, hakimlər tərəfindən bilərəkdən qərəzli qərarlar qəbul olunursa, şübhəsiz, sanksiyaların gücləndirilməsi vacibdir:

"Azərbaycan cinayət məcəlləsində müvafiq norma gücləndirilib. Bu addım hakimlərin daha ədalətli qərar çıxarmasına şərait yaradacaq. Onların bilərəkdən, ədalətsiz qərar çıxarma imkanlarını məhdudlaşdıracaq. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir. Hazırda hakimlər tərəfindən çıxarılan qərarlar cəmiyyətdə də birmənalı qarşılanmır. Son addım hakim məsuliyyətinin artırılmasına gətirib çıxaracaq.

İstənilən hakimin qərarının qərəzli olması barədə şübhələr varsa, bununla bağlı müvafiq tələblərlə Məhkəmə Hüquq Şurasına müraciət edə bilərlər. Şura hakimlə bağlı icraata, araşdırmaya başlaya bilər. Hakimin günahı sübut olunarsa. əməlində cinayət tərkibi varsa, iş hüquq mühafizə orqanlarına, prokurorluğa göndərilir. Həmin hakimin hərəkətlərində cinayət tərkibli addımlar yoxdursa, artıq intizam xarakterli tədbirlər görülə bilər. 

Bunlar hakimə töhmət və fəaliyyətinə xitam verməsi ola bilər. İstənilən halda hakimlər tərəfindən ədalətsiz qərar qəbul olunması onun barəsində həm azadlıqdan məhrum etmə, həm də cərimə cəzası da təyin oluna bilər. Bu artıq çıxarılan ədalətsiz qərarın vurduğu ziyanın nəticəsindən asılıdır. Cərimələrin artırılması azadlıqdan məhrumetməni aradan qaldırmır”.

Aysel Aslan