“Qiymət artımının heç bir dini əsası yoxdur”

Hacı Şahin Həsənli: “Səudiyyə hökuməti bir dəfə zəvvara şans verir, ikinci dəfə gedirsənsə, artıq əlavə ödəniş tələbi qoyulur




Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödəniş etməli olacaq. Məlumdur ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etdi. İkinci dəfə Ümrə ziyarətinə gedən zəvvarların 530 dollar əlavə vəsait ödəməsi dövlət tərəfindən rəsmiləşdirildi. Lakin sonra qərar dəyişdirilərək Ümrə ziyarəti üçün əlavə ödəniş ləğv edildi.

Buna Səudiyyə Ərəbistanının Hicaz bölgəsinin mehmanxana və ticarət obyektlərinin sahiblərinin etirazları səbəb oldu. Sahibkarlar bildirirdi ki, əlavə ödəniş tələb olunacağı təqdirdə müştərilərini itirəcəklər. Müştərilərinin yarısının təkrar gələn insanlar olduğunu deyən sahibkarlar son beş ildə onsuz da zəifləyən işlərinin bu qərarla daha da çətin vəziyyətə düşəcəyini vurğulayırdılar. Görünür bu, SƏ Həcc Nazirliyinin Ümrə ziyarəti ilə bağlı əlavə ödəniş qərarını dəyişməyə vadar etdi.

Lakin təkrar Həcc ziyarətinə gələnlər üçün əlavə ödəniş tələbi qüvvədə qalıb. Bəlkə də SƏ Həcc mövsümündə əlavə gəlir əldə etməyi gözdən çıxara bilməyib. Amma bu qərar da təkrar Həcc yolu tutmaq istəyənlər üçün ürəkaçan deyil. Digər tərəfdən yəqin, SƏ da təkrar Həccə gedənlərin hər halda imkanlı şəxslər olduğunun fərqinə varmağa başlayıb. Və "pulları belə çoxdursa, qoy bir az artıq ödəsinlər, necə olsa, ziyarətdən qazanc əldə edirlər” fikrinə söykənir.

KİV-də yayılan məlumatlara görə, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.

Qafqaz Müsəlmanları İdarəsinin builki Həcc mövsümü ilə bağlı təşkilati işləri həyata keçirən nümayəndə qrupunun Səudiyyə Ərəbistanına yola düşdüyü də bildirilir. O da qeyd olunur ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artım labüddür. Çünki dolların manata nisbətdə bahalaşması davam edir.

Məsələ ilə bağlı "Şərq”ə danışan QMİ sədrinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli qeyd etdi ki, qiymət artımının heç bir dini əsası yoxdur:

- İkinci dəfə Ümrə ziyarətinə gedənlərin əlavə ödəniş etməsi qərarını Səudiyyə Ərəbistanı vermişdi, amma sonradan bu qərar ləğv edildi. Məlumdur ki, bəzi müsəlman ölkələri Ümrə və Həcc ziyarətindən imtina edib. Bu qiymət artımının da heç bir dini əsası yoxdur, sırf dövlətin qəbul etdiyi iqtisadi bir qərardır. Bilirsiz ki, Həcc ziyarəti ilə də bağlı qiymətlərə dəyişiklik edilir. Qiymət artımı baş verir.

Həcc ziyarətinə təkrar gedənlərə əlavə ödəniş şərti qoyulmasına gəlincə, H.Ş.Həsənli bunun sırf iqtisadi mahiyyət daşıdığını bildirdi:

- Səudiyyə hökuməti bir dəfə zəvvara şans verir, ikinci dəfə gedirsənsə, artıq əlavə ödəniş tələbi qoyulur. Səudiyyə Ərəbistanı ümumilikdə Ümrə və Həcc ziyarətlərinin qiymətlərində artım edib. Bu da müsəlman ölkələrini narazı salır.

H.Ş.Həsənli qeyd etdi ki, Ümrə ziyarəti il ərzində bir neçə dəfə təşkil edilir. Həcc ziyarətinin vaxtı isə dəqiqdir - Zilhiccə ayının ilk 15 günü. Yəni, SƏ Ümrə ziyarətindən ildə bir neçə dəfə gəlir ədə edir, Həcc ziyarətindən isə ildə yalnız bir dəfə. Ola bilsin, məhz buna görə də Ümrə üçün əlavə ödənişin ləğvi, Həcc ziyarəti üçünsə saxlanılması qərara alınıb.

Qeyd edək ki, ötənilki Həcc ziyarəti zamanı təklif olunan xidmətə müvafiq ən yuxarı qiymət 4700 ABŞ dolları, ən aşağı qiymət isə 3500 dollar olub. Builki Həcc qiymətlərində isə artım olacağı labüddür.

Məlahət Rzayeva