Qiymətlər yüksəkdir - Bir uşağı dərsə yola salmaq valideyinə 250-300 manata başa gəlir

“Dövlət bu yarmarlakara xüsusi nəzarət etməlidir ki imkansız ailələrin uşaqları da məktəb ləvazimatı geyim və çanta ala bilsin”
"Şərq”in əməkdaşı məktəbli yarmarkalarını gəzdi



Yeni dərs ilinin başlanmasına 20 gündən də az vaxt qalıb. Elə bu məqsədlə də paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər də vaxt itirmədən məktəbli ləvazimatlarını almaq üçün yarmarkalara axın edirlər. Onların bu tələskənliyinin səbəbi isə məktəb başlayana yaxın qiymətlərin daha da bahalaşması fikri ilə bağlıdır.

Qeyd edək ki, bir neçə gündür ki, Bakının müxtəlif mərkəzi yerlərində çadırlar qurulub, məktəb ləvazimatları satılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb. Sentyabrın 25-nə kimi davam edəcək yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.
Sözügedən yarmarkalardakı qiymətlərlə yaxından tanış olmaq üçün Xırdalanda təşkil olunan yarmarkaya baş çəkib, qiymətlərlə maraqlandıq. Məlumat üçün bildirək ki, valideynlər digər dərs vəsaitləri ilə müqayisədə məktəbli çantalarının qiymətində bahalaşma müşahidə edildiyindən gileylənirdilər. Belə ki, yarmarkada aşağı sinif şagirdləri üçün nəzərdə tutulan çantaların qiyməti 25-50 AZN, yuxarı siniflər üçün isə 30-100 AZN təşkil edirdi.

Türkiyə istehsal olan 100 vərəqli dəftər 0,70-0, 90 qəpikdən satılır.
Rusiya istehsalı olan, daha keyfiyyətli dəftərlər almaq istədikdə isə bu dəyər artır.
Yapışdırıcı 60 qəpik-1 manat, pozanlar 1,20-2,50 manat, qələm yonanlar 1.50-2 manat, rəngli karandaş dəstlərinin qiyməti isə 5 -12 manat təşkil edir.
Bakıda olan yarmarkalarda da qiymətlər eynidir.

İqtisadçı ekspert Elçin Bayraml bu cür məktəbli yarmarkalarının təşkilini təqdirəlayiq hal kimi qiymətləndirib. Lakin ekspert hesab edir ki, yarmarkalardakı qiymətlər bazardan 20-30 faiz aşağı olmaldır. Əks halda bunun heç bir mənası olmayacaq: "Bu sosial xarakterli yox biznes xarakterli sayılacaq. Dövlət bu yarmarlakara xüsusi nəzarət etməlidir ki imkansız ailələrin uşaqları da məktəb ləvazimatı geyim və çanta ala bilsin. Əgər bir uşağın məktəb hazırlığı 250 manata yaxın xərc tələb edirsə, çox böyük vəsaitdir. Elə ailə var iki və daha çox uşaq yola salır bu halda ciddi problem yaranır. Bu problemi yaradan səbəblərdən biri də bu məhsulların 90 faizdən çoxunun yerli istehsalının olmaması ilə bağlıdır. Xaricdən valyuta ilə alınır vəmanatla baha başa gəlir. Bir az da idxalçı və satıcının insafsızlığı bu məhsulları od qiymətinə edir. Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu sahəyə birgə nəzarət etməli, aşağı təminatlı sosial təbəqəyə güzəştli satış təşkil etməlidirlər.

İqtisadçı ekspert Akif Nəsirli isə dövlətin yarmarkalara müdaxilə etmək ixtiyarının olmadığını, yalnız və yalnız gömrük rüsumunda və vergilərdə satıcılara müəyyən güzəştlər edilərək qiymətləri tənzimləmək şansının olduğunu bildirib: "Yarmarkanın önəmi şəhərin müxtəlif istiqamətlərdə təşkil edilməklə müştərilərin rahatlığını təmin etməkdən ibarətdir. Eləcə də münasib qiymətlər təklif etməklə yarmarkalar təşkil edilməlidir. Yarmarkalarda məhsul bolluğu olduğu üçün qiymətlər də aşağı olur. Adi satış nöqtələrindən fərqi odur ki, yarmarkada tələbat daha çoxdur. Ona görə də qiyməti münasib etməklə daha çox gəlir əldə etmək olar. Sadəcə olaraq qiymət məsələsində dövlət yarmarkalara müəyyən güzəştlər etməlidir. Onlara yerhaqqı qoyulmamalıdır, vergilərdən azad olunmalıdır və gömrük rüsumlarından azad edilməlidir, gömrük yoxlama məntəqələrində onlara süni problemlər yaradılmamalıdır. Bu gün Azərbaycana dərslik ləvazimatları, demək olar ki, hər bir detalı xaricdən gətirilir. Xaricdən gətirildiyi üçün də dollar ilə alış-satış həyata keçirilir. Manat ekvicalentinə çevirdikdə isə istər-istəməz qiymət artımı ortaya çıxır. Üstə də gəlsək yerhaqqı, vergilər, gömrük məntəqəsində süni problemlər ona görə də yarmarkalarda qiymət adi satış məntəqələri ilə eyni hətta daha çox təşkil edir.

Satıcılar isə süni şəkildə baha qiymət təyin edir, alıcının könlünü oxşamaq üçün kəskin endirim adı ilə malı adi satış yerlərindəki qiymətə satır və beləliklə "yarmarka" anlayışı ortaya çıxır. Dövlət isə satılan məhsulların qiymətinə heç bir müdaxilə də bilmir. Azad bazar iqtisadiyyatı olduğu üçün istənilən şəxs məhsulu istədiyi qiymətə sata bilər. Yalnız və yalnız qeyd etdiyim məsələdə dövlət yardımçı olarsa qiymətlərdə də endirim müşahidə edilər".

Təhsil eksperti Məlahət Mürşüdlü isə məktəb ləvazimatlarındakı qiymət artımının gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, keçən ildən məktəb ləvazimatlarının qiymətində artımların olduğunu müşahidə edirik. Bu mənada cari mövsümdə də bahalaşma tendensiyasının davam etməsi gözlənilən idi: "Yaxşı ki, bahalaşma elə də yüksək həddə deyil. Ancaq hər halda müəyyən ailələr bu ləvazimatların alınmasında çətinlik çəkməkdə davam edir. Belədə də şagirdlər məktəb ləvazimatlarının çatışmamazlığı nəticəsində məktəblərdə problemlərlə üzləşirlər”.

M. Mürşüdlünün fikrincə məktəb yarmarkaları təşkil etməklə dərs ləvazimatlarının bahalaşmasının qarşısını almaq mümkün deyil. Onun sözlərinə görə, yarmarkalar da ticarətlə bağlı proses olduğu üçün onun da öz maraqları var: " Satıcı malı yarmarkaya ona görə çıxartmır ki, qiymətlər ucuzlaşsın, yaxud da kimlərəsə güzəştlər edilsin. Fikrimcə, hökumət tərəfindən ləvazimatların alınmasında aztəminatlı ailələrə yardımlar edilməlidir. Bunu şirkətlər vasitəsilə edə bilərlər. Həmçinin, xeyriyyəçi insanlar fərdi şəkildə də prosesdə fəal ola bilərlər. Ancaq görünən odur ki, bu istiqamətdə xeyriyyə tədbirləri çox azdır”.

Şəymən