QMİ-nin nəzdində yaradılacaq dini kolleclərə MÜNASİBƏT

“Din tədrisi gənclərimizin xarici təsirlərə meyl etməməsi, islamın təməl prinsiplərini öyrənmələri üçündür”
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində dini kolleclər fəaliyyət göstərəcək.
Bu barədə QMİ sədrinin müavini Hacı Fuad Nurullayev məlumat verib.
O bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq:
"Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil”.
Sədr müavininin sözlərinə görə, hazırda şagirdlər üçün QMİ-nin tabeliyindəki məscidlərin nəzdində 100-dən çox dini kurslar təşkil edilib və kolleclərə qəbul orta məktəb şagirdlərinə şamil edilməyəcək: "Şagirdlər yalnız kurslarda valideynlərinin razılığı əsasında təhsil ala bilirlər. Eyni zamanda tələbələrin dini tədris müəssisələrində təhsil alması mexanizmi tənzimlənəcək. Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kurs və kolleclərə gələ biləcək. Yəni orta məktəbdə və yaxud universitetdə günün birinci yarısında oxuyan tələbənin kollecdə, şagirdin isə dini kursda təhsil almasına günün ikinci yarısında icazə veriləcək. Hətta oğlanların hərbi xidmətini başa vurduqdan sonra da dini kolleclərdə təhsil almasına şərait yaradılacaq”.
İlahiyyatçı Hacı Atif İsmayılov «Sherg.az”»a açıqlamasında bildirdi ki, dini kolleclərin açılacağı barədə xəbər ilahiyyatçıları sevindirir:
- Dini kolleclərin açılması milli-mənəvi dəyərlərimizə üstünlük verilməsinin təzahürüdür. Milli-mənəvi dəyərlər dini sahənin tənzimlənməsində böyük rol oynayır. İnsanın hansı dinə, islama, yaxud islamdanöncəki dinlərə ibadət etməsinin fərqi yoxdur. Din hər bir insanın fitrətindədir. Azərbaycanda islam faktoru üstünlük təşkil edir. İslam dini ilə bağlı maarfiləndirmə işlərinin aparılması təlim-tərbiyə məsələlərində də əhəmiyyətlidir. Çünki bəzi hallarda biz xarici ölkələrdən gələn zərərli təsirlərin şahidi oluruq. Dini biliklər gənclərin düzgün seçim etməsi üçün də vacibdir.
Şərt deyil ki, məktəbli, ya tələbə dini biliklər alırsa, mütləq din xadimi, yaxud ilahiyyatçı olmalıdır. Məgər orta məktəb şagirdlərinin hamısı riyaziyyatçı, ya da ədəbiyyatçı olur. Məktəbdə hər cür fənn keçilir. Amma şagird özü hansı peşənin ardınca gedəcəyinə qərar verir. Müsbət haldır ki, dini biliklər ölkəmizin din xadimləri, ilahiyyatçılar tərəfindən öyrədiləcək. 
Mən etiraz edənləri də anlayıram, onlar bu fikirdən çıxış edir, sanki dini biliklər tədris olunarsa, uşaqlar hamısı dindar kimi yetişəcək. Xeyr. Din tədrisi gənclərimizin xarici təsirlərə meyl etməməsi, islamın təməl prinsiplərini öyrənmələri üçündür. Savadlı insanı doğru yoldan çəkindirmək çətin olur. Bu baxımdan hesab edirəm ki, dini maarifləndirmə mövzusu da aktualdır. Bütün bunlar ümumilikdə milli-mənəvi dəyərlərimizin möhkəmlənməsinə yönəlmiş addımlardır.
Həm də dini kolleclərin əsas dərs saatlarından sonra fəaliyyət göstərəcəyi də, uşaqların bu kolleclərdə könüllü və ya valideynlərinin razılığı əsasında təhsil alacağını şərtləndirir. Görünən budur ki, dini kolleclər orta məktəb və ya ali təhsil müəssisələrinin əsas tədris planına mane olmayacaq.
Məlahət Rzayeva